
Qədim dövrlərdə insanlar komada olan insanların ölmədiyini başa düşürdülər. Lakin o dövrdə müasir tibbin təmin etdiyi sistemlər olmadığından vəziyyət xeyli mürəkkəb idi. Komaya düşən bir insan tez-tez udma refleksini itirir və bu da qidalanmağı demək olar ki, qeyri-mümkün edir. Koma vəziyyətində olan insanlar, udmaq mümkün olmasa, 3-7 gün ərzində susuzluqdan ölürlər. Bu, təbii prosesləri diri-diri basdırmaqdansa, onların nəticəsini gözləmək və izləmək demək idi.
Lakin bu gözləmə çox vaxt ölümlə nəticələnirdi. Qədim Hindistanda təbabətin ataları sayılan Suşruta və Çaraka komada olan xəstələrə musiqi ilə şəfa təklif edirdilər. Hyderabad universitetinin araşdırmasına görə, Suşruta koma vəziyyətində olan xəstələri oyandırmaq üçün musiqi terapiyasını tövsiyə edib, Çaraka isə onların düşüncələrini təmizləmək üçün musiqidən istifadə edib. O dövrün musiqi terapiyaları təbabətin mistik və şəfalı dünyasına açılan bir pəncərə kimi idi.
Bu müalicələr təkcə komada deyil, sonsuzluq, vərəm, alkoqolizm kimi bir çox xəstəlik üçün də tətbiq edilirdi. Hətta musiqiçilərin köhnə xəstəxanalarda işlədiyinə dair sübutlar var idi.
O zaman komada olan xəstələr tez-tez aspirasiya pnevmoniyası kimi ağırlaşmalardan ölürdülər. Uda bilməyən insanların ağzındakı tüpürcək tənəffüs yollarına sızaraq ölümcül infeksiyalara səbəb olurdu. Qədim dövrlərdəki bu çatışmazlıqlar komada olan insanların ölümə doğru səyahətinin çox vaxt qaçılmaz olması demək idi.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
