Bu gün:

"Rəssamlıq sənəti"-Vermeer



"İncəsənətin inciləri" rubrikası Vermeerin “Rəssamlıq Sənəti” əsərini təqdim edir.

"Rəssamlıq Sənəti" digər adı ilə "Rəssamlıq Alleqoriyası" məşhur rəssam Yohan Vermeerin öz studiyasında işləyərkən təsvir edildiyi bir əsərdir. Bu əsər Vermeerin rəssamlıq sənəti haqqında düşüncələrini əks etdirməsinə baxmayaraq, nə rəssamın özünü, nə də onun həqiqi iş üsullarını tam şəkildə təsvir edir.

Əsərin sol tərəfində açıq saxlanılan naxışlı pərdə tamaşaçını rəssamın emalatxanasına dəvət edir. Bu pərdə əsərə həm dekorativ element, həm də teatr səhnəsinə bənzər bir görünüş qatır. Emalatxanada rəssamın şərq stulunda oturub qarşısındakı qadın modelini çəkdiyi görünür.

Əsərdə ilk diqqət çəkən məqam emalatxananın adi bir rəssam emalatxanasından gözlənilməyəcək dərəcədə zərif döşənməsi və qiymətli əşyalarla bəzədilməsidir. Hollandiyanın adi evlərində rast gəlinməyən qara-ağ mərmər döşəmə, xüsusi dizayn edilən mebellər, divar xalçası və tavanın qızıl çilçırağı bu zərif detallardan bir neçəsidir.

Tamaşaçılara arxasını çevirərək işləyən rəssam dövrünün geyimlərini əks etdirmir. 15-16-cı əsr Burqundiya atmosferini xatırladan bu əsərdə Vermeer daha çox 15-ci əsrin məşhur flamand rəssamı Yan Van Eyki yada salır. Vermeer bəlkə də, qara-ağ geyimləri və narıncı corabları ilə keçmiş dövrlə öz yaşadığı dövr arasında Van Eyk ənənələrinə əsaslanan bir körpü yaratdığını göstərmək istəyib.

Rəssamın qarşısında yerləşən qadın obrazı adi bir model deyil. Onun mavi geyimi başındakı dəfnə çələngi, əlindəki böyük kitab və truba simvolik bir məna daşıyır. Bu qadın Yunan mifologiyasındakı ilham pərilərindən biri olan Kleiodur (Clio). Kleio adətən müdriklik simvolu olan dəfnə çələngi ilə təsvir edilir, əlində isə məşhurluq simvolu sayılan truba tutur.

Emalatxanadakı digər detallarla əsərə müxtəlif simvolik mənalar əlavə edilib. Soldakı masanın üstündəki gips maskası Klassik Yunan sənətinə işarə olaraq qəbul edilə bilər. Soldakı boş stul tamaşaçını əsərə daxil edən, Barok sənətinə xas bir elementdir. Divarda asılmış böyük xalça flamand və holland torpaqlarını göstərən bir xəritədir. Xəritənin sol hissəsində (cənub) flamand torpaqları Habsburq sülaləsi tərəfindən idarə edilən Müqəddəs Roma İmperiyasının İspan qolunun nəzarətində idi. Sağ tərəfdə (şimalda) isə Hollandiya torpaqları təsvir edilib. Xəritədə ticarəti simvolizə edən gəmi təsvirləri Hollandiya torpaqlarında rəssamlıq sənətinin gətirdiyi şöhrəti vurğulayır.

Tavanın çilçırağında yer alan iki başlı qartal Habsburq sülaləsinə işarə edir. Digər tərəfdən, çilçırağın şüşəsiz olması Protestant inanclarının yayğın olduğu Hollandiyanın simvolu kimi görülə bilər.

Bu simvollarla yanaşı, ilk sual Vermeerin niyə rəssamlıq sənətinə dair belə bir əsər yaratdığıdır. Əslində Vermeer bu əsəri yaradarkən yüzillərdir sənətkarlar, yazıçılar və filosoflar tərəfindən müzakirə edilən “Sənətkarın cəmiyyətdəki yeri və rolu nədir?” sualına cavab verməyə çalışıb. Əsərdə istifadə edilən yüksək səviyyəli əşyalar və interyer detalları rəssamın adi bir sənətkar deyil, humanitar elmlərin bir nümayəndəsi olduğunu göstərməyə çalışır. Yunan tanrıçası Kleio ilə rəssamlıq sənətinin sıradan bir sənətkarlıq deyil, tarix kimi humanitar elmə daxil olduğunu vurğulayıb.

Əsər Vermeerin ən çox qiymətləndirdiyi əsərlərdən biri hesab edilir. O, bu əsəri ölümünə qədər öz himayəsində saxlayıb, sonradan isə ailəsi uzun illər bu əsərə sahib çıxıb.


Tərcümə etdi: Talehə Hüseynzadə 

Mənbə: sanatabasla.com

Paylaş
Şərh əlavə et