Bu gün:

Hitlerin İkinci Dünya Müharibəsində İngiltərəni dağıtmaq planı


Nasistlər İkinci Dünya Müharibəsi zamanı Britaniya iqtisadiyyatını çökdürmək üçün saxta pul çap etməyi planlaşdırırdılar. Bernhard əməliyyatı kimi tanınan bu strategiya həbs düşərgələrindəki məhbusların saxta sterlinq istehsal etməsi ilə həyata keçirilirdi. Məqsəd İngiltərəni iqtisadi cəhətdən zəiflətmək və müharibəni öz xeyrinə çevirmək idi. Lakin plan istənilən effekti vermədi və müharibə tarixinə uğursuz bir taktika kimi düşdü.

İkinci Dünya Müharibəsi illərində faşist Almaniyası təkcə cəbhə xəttində deyil, həm də iqtisadi sahədə düşmənlərini darmadağın etməyi qarşısına məqsəd qoymuşdu. Bernhard əməliyyatı bu strategiyanın ən görkəmli nümunələrindən biri idi.

Plan İngiltərəyə saxta sterlinq vurmaq, bazarda xaosa səbəb olmaq və Böyük Britaniyanı zəiflətməklə onu işğal üçün uyğun hədəfə çevirmək üzərində qurulub.

Əməliyyata nasist zabiti Fridrix Valter Bernhard Krüger rəhbərlik edirdi. Saxta pullar həbs düşərgələrində təxminən 140 məhbusun səyi ilə çap edilib.

Əməyinin müqabilində məhbuslara daha yaxşı şərait vəd edilib. Bu vəziyyət onları əməliyyatda iştirak etməyə məcbur edib. Ayda 400 min saxta funt sterlinq çap etmək hədəflənmişdi və 1945-ci ilə qədər təxminən 70 milyon əskinas istehsal edilmişdir.

Lakin bu pulların yalnız kiçik bir hissəsi dövriyyəyə daxil olmaq üçün kifayət qədər keyfiyyətli idi. Əməliyyatın sirri 1944-cü ildə alman kəşfiyyatçı Alfred Naujoksun tutulması və planı üzə çıxarması ilə açılıb.

Vəziyyətə nəzarət etmək üçün Britaniya tez bir zamanda yüksək qiymətli əskinasları bazardan çıxardı və yeni dizaynlar hazırladı. Nəticədə nasistlərin iqtisadi müharibə strategiyası iflasa uğradı.

Bernhard əməliyyatı nasist rejiminin təkcə döyüş meydanlarında deyil, həm də iqtisadiyyat vasitəsilə düşmənlərini zəiflətməyə çalışdığı bir dövrü ortaya qoyur.

Bu qeyri-adi hekayə 2007-ci ildə çəkilmiş "Saxtaçılar" filminə də ilham verdi. Tarix həvəskarları onu izləməkdən həzz ala bilərlər.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et