Araşdırmalar göstərir ki, sosial məqsədlərimiz həyatımız boyunca təəccüblü şəkildə dəyişir. Bu dəyişikliyi anlamaq, başqaları ilə daha səmimi və mənalı əlaqələr qurmağımıza kömək edə bilər.

Yeni insanlarla tanış olmağı, yoxsa yaxın dostlardan ibarət kiçik bir çevrə ilə vaxt keçirməyi üstün tutursunuz? Cavabınız xarakterinizin ünsiyyətcil (ekstravert) və ya sakit təbiətli (introvert) olmasından asılıdır deyə düşünə bilərsiniz. Ancaq sosial seçimlərimizi formalaşdıran başqa, az bilinən bir amil də var: yaş.
Araşdırmalar göstərir ki, dostluq bütün yaş qruplarındakı insanlara fayda verir, hətta sağlamlığımızı və ömrümüzü uzada bilir. Xüsusilə daha sonrakı illərdə dostluqlar xoşbəxtlik və həyat məmnuniyyəti üçün vacib bir mənbəyə çevrilir. Yaşlılıq dövründə yaxın dostlarla müntəzəm ünsiyyət, yaxın ailə üzvləri ilə əlaqədən daha çox xoşbəxtlik gətirə bilər.
Bunun sadə izahı ondan ibarətdir ki, dostluqlar digər münasibətlərə nisbətən daha əyləncəli, daha az gərgin və stresli ola bilər. 65 yaşdan yuxarı amerikalılar üzərində aparılan bir araşdırma göstərib ki, dostlarla qarşılaşmalar, ailə üzvləri ilə olan qarşılaşmalarla müqayisədə daha xoş təcrübə kimi qəbul edilir. Bu nəticə, yaşlı yetkinlər üçün əsas dəstək mənbəyi kimi yaxın ailə üzvlərinə fokuslanan əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir.
Amma gənclərlə müqayisədə yaşlı insanların dostluqlarını seçmə və qoruma üsulları arasında əhəmiyyətli fərqlər var. Nyu-Yorkdakı Adelphi Universitetinin psixologiya professoru Ketrin Fiori deyir ki, gənclər aktiv şəkildə yeni əlaqələr qurmağa çalışdıqları halda, yaşlılar sosial dairələrini məqsədyönlü şəkildə daraldırlar. O, həyatımızdakı əlaqələrin azalmasının müəyyən üstünlükləri olsa da, bəzi mənfi tərəflərinin də mövcud olduğunu vurğulayır.
Daha kiçik bir sosial dairə qurmağın üstünlüyü, bu dairədəki insanların diqqətlə seçilmiş və yüksək keyfiyyətli münasibətlərə çevrilməsidir. Fiori deyir: “İnsanlar yaşlandıqca gələcəyə baxışları dəyişir – əsasən, yaşamaq üçün daha az zamanlarının qaldığını dərk edirlər. Bu səbəbdən onların prioritetləri dəyişir və sosial-emosional məqsədlərə diqqət yetirməyə meylli olurlar". Bu yanaşma “sosial-emosional seçicilik nəzəriyyəsi” kimi tanınır. Gənc yetkinlər gələcəyi geniş və açıq görərək yeni əlaqələr qurmağa fokuslanırlar. Yaşlı yetkinlər isə onlara artıq tanış olan insanlarla vaxt keçirməyə üstünlük verirlər və nəticədə sosial dairələrini daraldırlar. Fiori izah edir ki, bu zəif bağların azaldılması məqsədyönlü bir davranışdır – insanlar bunu ölümə yaxınlaşdıqlarını dərk edərək daha yaxın münasibətlərə fokuslanmaq üçün edirlər.
Lakin bu yaxın, sevinc dolu və müsbət münasibətlərin faydalarını görmək üçün mütləq yaşlı olmağa ehtiyac yoxdur. 2016-cı ildə aparılan bir araşdırma göstərir ki, gənc insanlar həyatın kövrəkliyini və dünyada məhdud vaxtlarının olduğunu dərk etdikdə, sosial hədəflərini geniş əlaqələr qurmaqdan daha məqsədyönlü bir strategiyaya dəyişirlər.
Bu təsir xüsusilə Covid-19 pandemiyası dövründə nəzərə çarpdı: pandemiyanın ən geniş yayıldığı dövrdə bütün yaş qruplarından insanlar emosional baxımdan daha əhəmiyyətli tərəfdaşlara üstünlük verdilər. Başqa sözlə, yaşlı insanlar əvvəlki kimi daha az, lakin daha yaxın münasibətlərə diqqət yetirərkən, gənc insanlar da geniş sosial strategiyalarını daraldaraq seçimlərində yaşlı insanlara bənzər davranmağa başladılar.
Lakin tədqiqatçılar hesab edirlər ki, yaxın bağlar qurarkən yeni dostluqlara da açıq olmaq vacibdir. Fiori və həmkarlarının araşdırmaları göstərir ki, çox dar bir sosial dairəyə fokuslanmaq sağlam deyil. O bildirir ki, yalnız yaxın münasibətlərə diqqət yetirmək hər hansı yaşda zehni və fiziki sağlamlıq üçün xüsusi bir üstünlük yaratmır.
Fiori deyir ki, “Dostluqlar ömür boyu insanların rifahı üçün çox faydalı olub və bu, fərqli münasibətlərin müxtəlif rolları yerinə yetirməsi ilə bağlıdır. Ən yaxın əlaqələrimiz adətən bizə sosial, emosional və praktiki dəstək verir, lakin digər münasibətlər də bu kimi vacib funksiyalara malikdir.”
İngiltərədəki Nyukasl Universitetindən Aleksandra Tompson da bunu təsdiqləyir. O deyir: “Dostluqlar müxtəlif səbəblərə görə ailə əlaqələrindən bir qədər fərqli faydalar təqdim edir. Ailə münasibətləri bəzən gərgin ola və bəzi öhdəliklərə əsaslana bilər. Lakin dostluqlar ortaq maraqlara söykənir və bu da insan əhval-ruhiyyəsini artıra bilir.”
Tompsonun araşdırmasına görə, yaşlı insanların rifahı üçün ideal olaraq dörd yaxın dostunun olması kifayətdir. O vurğulayır ki, əsas olan dostluqların sayından çox, onların keyfiyyətli və dərin olmasıdır. Tompson deyir: “İnsanların yaxın və keyfiyyətli münasibətlər qurmağa və mövcud əlaqələrini gücləndirməyə təşviq edilməsi vacibdir".
Bundan əlavə, bəzi dostluqlar o qədər mənəvi cəhətdən dərin ola bilər ki, bu münasibətləri izah etmək üçün “ailə” deyə adlandırmaq lazımdır. LGBTQ+ icmasında isə insanlar “seçilmiş ailə” modelinə əsaslanaraq yaşlandıqca bu cür münasibətlərə daha çox inana bilirlər.
Tompson bildirir ki, əsas dostluqların sayından çox keyfiyyətinə önəm verməkdir: “Məsələ yüzlərlə dostun olması deyil, əslində paylaşılmış təcrübələr və ortaq maraqlar daha çox vacibdir.”
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
