Bu gün:

Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib


Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanmasını” da hədəf alan 15-ci sanksiya paketini qəbul edib.

Aİ Şurasının açıqlamasına görə, üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən toplantı zamanı Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan 15-ci paketi rəsmi şəkildə təsdiqləyib.

Açıqlamada yeni sanksiyaların iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğu və Rusiyanın hərbi gücünü daha da zəiflətməyi hədəflədiyi vurğulanıb. Bildirilib ki, bu tədbirlər Prezident Vladimir Putinin “kölgə donanmasını” hədəf alaraq Aİ sanksiyalarından yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini zəiflətmək üçün hazırlanıb.

Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 54 nəfər və 30 hüquqi şəxs sanksiya siyahısına daxil edilib.

Sanksiyalara Kiyevdəki uşaq xəstəxanasına hücum edən hərbi birlik, enerji sektorundakı iri şirkətlərin rəhbərləri, uşaqların qaçırılmasında və sanksiyalardan yayınmada məsuliyyət daşıyan şəxslər, həmçinin Şimali Koreyanın iki yüksək vəzifəli rəsmisi daxil edilib.

Aİ-nin yeni sanksiyalarına Rusiyaya böyük gəlir gətirən dəniz yolu ilə daşınan neft və neft məhsulları ilə bağlı şirkətlər, yeni Rus müdafiə sənayesi müəssisələri və Rus ordusuna lojistik dəstək göstərən əsas sivil aviaşirkət, eləcə də bir kimya zavodu daxil edilib.

İlk dəfə olaraq Rusiyaya dəstək məqsədilə pilotsuz uçuş aparatları və mikroelektronika komponentləri tədarük edən Çin şirkətlərinə də səyahət qadağası, aktivlərin dondurulması və iqtisadi resurslara çıxışın məhdudlaşdırılmasını nəzərdə tutan sanksiyalar tətbiq edilib.

52 gəmiyə qarşı sanksiyalar

Aİ-nin limanlara giriş və dəniz nəqliyyatı ilə bağlı xidmətlərə qadağanı da əhatə edən sanksiya siyahısına 52 gəmi əlavə edilib. Bildirilib ki, bu addım Putin rejiminin neft qiymətlərini məhdudlaşdırma mexanizmini aşan və ya Rusiyanın enerji sektorunu dəstəkləyən “kölgə donanmasının” bir hissəsi olan tankerləri, həmçinin Ukraynadan oğurlanmış taxılın daşınmasında iştirak edən gəmiləri hədəf alır.

Hesabatda həmçinin qeyd olunub ki, Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən Çin, Hindistan, İran, Serbiya və Birləşmiş Ərəb Əmirliklərindən olan 32 yeni təşkilat da siyahıya daxil edilib. Bu təşkilatlara həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən məhsulların ixracına daha sərt məhdudiyyətlər qoyulub.

Avropa şirkətlərini Rus müəssisələri ilə məhkəmə işlərində qorumaq üçün Aİ, Rus məhkəmələrinin qərarlarının Aİ-də tanınmaması və icra edilməməsi barədə qərar qəbul edib.

Məlumatlara görə, Rusiya Qərb ölkələrinin sanksiyalarından yan keçmək üçün köhnə və təhlükəli tankerlərdən ibarət gizli bir “kölgə donanması” yaradıb. Aİ bu donanmaya qarşı tədbirlər görməyə çalışır.

Aİ, müharibə səbəbindən Rusiyaya ticarət, maliyyə, neft, kömür, sənaye, texnologiya, nəqliyyat və lüks mallar daxil olmaqla geniş miqyaslı sanksiyalar tətbiq edir. Dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının Aİ-yə göndərilməsinə qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox Rusiya media orqanının fəaliyyətinin dayandırılması da bu sanksiyalar arasındadır. Aİ-nin sanksiya siyahısında 2300-dən çox şəxs və qurum yer alır.

Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et