Bu gün:

"Şalotun xanımı"- Con Uilyam Uoterhaus


"İncəsənətin inciləri" rubrikası Con Uilyam Uoterhausun "Şalotun xanımı" əsərini təqdim edir. 

Uoterhausun əsəri Viktoriya dövrünün məşhur şairlərindən olan Tennysonun eyni adlı şeirindən ilham alınaraq yaradılıb. Şeir Kral Arturun əfsanəsinə əsaslanan Şalotun Xanımı (Elaine) haqqında hekayəni nəql edir.

Şalotun xanımı Kral Arturun sarayının yerləşdiyi Camelot şəhərinə doğru axan bir çayın ortasındakı Şalot adasında yaşayır. Adadakı bir qüllədə həbs olunan xanım günlərini yalnız toxumaqla keçirib. Qüllənin pəncərəsindən baxacağı halda lənətlənəcəyini bilən xanımın xarici dünya ilə yeganə əlaqəsi yalnız qüllədəki aynadan ibarət olub.

Bir gün Kral Arturun Yuvarlaq Masa Cəngavərlərindən biri olan Lancelot qüllənin yaxınlığından mahnı oxuyaraq keçib. Xanım aynadan gördüyü bu cəsur şəxsə vurulub və ona aşiq olub. Bu həyəcanla pəncərəyə qaçıb çölə baxıb. Ancaq aynanın çatladığını görüb və lənətləndiyini anlayıb. Lancelota çatmaq üçün bir qayığa minib çayı keçərək Camelota doğru yola düşüb. Bu, əslində ölümə doğru bir səyahət olub. Çünki qayıq Camelota çatanda Elaine artıq ölüb.

Uoterhaus əsərində xanımın qayığı ilə çayda səyahət etdiyi anı təsvir edib. Əsərdəki simvollar xanımın qüllədəki həyatı, səyahəti və ölümü ilə bağlı ipucları verir. Qayığın içində dağınıq uzun qızılı saçları və ağ paltarı ilə görünən xanım başını yüngülcə yuxarı qaldırıb. Qaşları yuxarı, gözləri isə aşağı baxır. Bu ifadə onun dərindən ah çəkdiyini xatırladır. Ölümə yaxınlaşdığının fərqində olması və yaşadığı iztirab onun üz ifadəsindən aydın görünür.

Qayığın önündəki üç şamdan ikisinin sönməsi həm xanımın səyahətinin, həm də həyatının sona çatdığını göstərir. Şamların önündəki üzərində İsanın təsviri olan xaç dini simvol kimi xanımın ölümündən sonra çatacağı cənnəti təmsil edir.

Çayın üzərində üzən saralmış yarpaqlar payız təsviri yaradaraq əsərə kədərli bir ab-hava qatır. Amma bu yarpaqların əsl məqsədi Viktoriya dövründə populyar olan "Düşmüş qadın" mövzusuna işarə etməkdir. Şalotun xanımı da payız yarpaqları kimi solub tökülüb. O, öz arzularına qarşı duruş gətirə bilməyib pəncərədən baxıb və bunun bədəli həyatını itirməsi olub. Suda üzən yarpaqlar eyni zamanda rəssam Millaisin Ofeliyasını xatırladır.

Qayıqdakı örtük Elainein qüllədə toxuduğu əsərlərdən biridir və onun qüllədəki həyatına işarə edir. Örtükün kənarındakı naxışlar xanımın aynadan gördüyü Lancelot (və digər cəngavərlərin) keçidini əks etdirir. Bu səhnələr gənc qadına qadağan edilən, lakin öyrənməyə can atdığı xarici dünyanı təcəssüm etdirir.

Onun əlində tutduğu zəncir qayığı fonunda görünən qülləyə bağlayır. Bu zəncir həmçinin xanımı qüllədə həbs edən lənəti təmsil edir. Boş tutduğu zənciri buraxdığı an Elaine öz azadlığına qovuşacaq.

Tennyson Viktoriya dövrünün arzuları uğrunda ölümü seçən obrazını sadəcə romantik bir əsər yaratmaq üçün təsvir etməyib. Əslində, o, cəmiyyətdən təcrid olunma probleminə diqqət çəkib və insanların sosial həyata daha çox qatılmasının zəruriliyini vurğulayıb. Uoterhaus isə bu təsirli əsəri ilə təcrid olunmuş Elaineni əbədiyyətə qovuşdurub.

Hazırladı: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et