
Unutmağın əhəmiyyəti elm üçün nisbətən yeni bir konsepsiyadır. Təxminən on il əvvələdək xəstəliklər və yaşlanma ilə əlaqəli olan "patoloji" unutqanlıqdan fərqli olaraq, normal unutqanlıq faydasız bir proses kimi qəbul edilirdi. Daha sonra bir çox sahədə aparılan araşdırmalar göstərdi ki, neyronlar daxilində ayrı-ayrı molekulyar "nano-maşınlar" mövcuddur–biri yaddaş üçün digəri isə unutmaq üçün.
Bu tapıntılar beynimizdə aktiv bir mexanizmin olduğunu göstərir. Bu mexanizm, uzunmüddətli saxlama üçün ən vacib məlumatları saxlaya bilmək üçün lazımsız məlumat hissələrini təmizləməyə kömək edir.
Bu, yaddaş mütəxəssislərinə beynin yaddaşı necə saxladığını və geri çağırdığını, eləcə də zehni aktiv şəkildə unutma qabiliyyətinə müdaxilə edən insan beyin pozğunluqlarını daha yaxşı başa düşmək üçün yeni yol açan həyəcanverici bir kəşfdir.
Məlumatlarla dolu bir dünyada, səs-küyü azaltmaq və faydasız detalları kənara atmaq çox vacibdir ki, bu, yeni biliklərə və ya fikirlərə çıxışa mane olmasın. Xüsusən, yuxu zamanı və bizim xəbərimiz olmadan beyin daim hansı xatirələri saxlamağı, hansıları isə silib unutmağı seçir. Unutmaq bacarığı bizə prioritetləri müəyyən etməyə, daha yaxşı düşünməyə, qərar verməyə və daha yaradıcı olmağa kömək edir. Yaddaşla tarazlıqda olan normal unutqanlıq, saxlanılan məlumatların xaosundan abstrakt anlayışları dərk etməyə imkan verən əqli çeviklik verir və bu, ağacların arasından meşəni görməyə bənzəyir.
Mənbə:Columbia University Department of Psychiatry
Tərcümə etdi:Arzu Qafarova
