Bu gün:

Özəl və dövlət təhsil müəssisələrinin müqayisəsi


24media.az-ın növbəti müsahibi təhsil eksperti Rizvan Fikrətoğludur. O, özəl və dövlət məktəblərindən danışıb.

 

Özəl və dövlət məktəbləri arasında tədris keyfiyyətində nə kimi fərqlər var?


 

Dövlət təhsil müəssisələrində dərslər Elm və Təhsil Nazirliyi və əlaqədar qurumun tərtib etdiyi proqram əsasında  keçirilir. Məsələn, şagird 3-cü, yaxud 9-cu sinifdə oxuyursa, müəyyən proqram əsasında təhsil alır. Müəllim istədiyi formada dərs keçmək ixtiyarına sahib deyil. Özəl təhsil müəssisələrinin isə heç bir quruma, nazirliyə tabeliyi yoxdur. Dərs proqramlarını özləri müstəqil şəkildə müəyyənləşdirə bilərlər. Doğrudur, onların da standartları olur, amma bu standartlara əlavələr etmək mümkündür.

 

Orta məktəblərdə, demək olar ki, qruplar üzrə hazırlıq yoxdur. Məsələn, şagird 11-ci sinifdə oxuyursa, bütün fənnləri keçməlidir. Amma özəl təhsil müəssisələrində isə bu belə deyil. Şagird 1-ci qrupa hazırlaşırsa, ədəbiyyat, tarix oxumur. Ya da əksinə, 3-cü qrupa hazırlaşırsa, fizika, kimya oxumur. Bu şəkildə şagirdlər daha rahat Dövlət İmtahan Mərkəzinin imtahanlarına hazırlıqlı ola bilirlər.

 

Özəl məktəblərin üstünlükləri və çatışmazlıqları nələrdir?

 

Özəl təhsil müəssisələrində adətən şərait dövlət məktəblərindən yüksək olur. Burada müəyyən avadanlıqlar-ağıllı lövhələr, müasir texnoloji avadanlıqlar olur. Təbii haldır ki, özəl məktəblərin maliyyələşdirilməsi dövlətdən alınmadığı üçün valideynlərdən alınır və öz büdcəsini tənzimləyir. Qiymətlər, əsasən, özəl məktəbə dəvət olunan müəllimlərin əmək haqqından, idarəetmə xərclərindən, avadanlıqlardan, kommunal xərclərdən və digərlərindən asılı olaraq dəyişir. Bu qiymətlər də standart deyil. Təbii ki, adın brendləşməsi də buna təsir edir. Həmçinin şərait, sərf olunan maddi vəsait nəzərə alınır. Ümumilikdə, pulu, gəliri yüksək olan valideynlər üçün özəl təhsil müəssisələri daha əlverişlidir. Üstünlüyü dövlət məktəbləri ilə müqayisədə çoxdur.

 

Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et