24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Ramil Süleymanovdur. O, insan hüquqlarının qorunması haqqında danışıb.
-İnsan hüquqlarının müdafiəsi üçün beynəlxalq mexanizmlərin effektivliyi necə qiymətləndirilir?
-İnsan hüquqlarının müdafiəsi ümumilikdə iki formada həyata keçirilir: birincisi ölkədaxili qanunvericiliyə əsaslanaraq, ikincisi isə beynəlxalq hüquq müdafiə mexanizmləri vasitəsilə.
Azərbaycan, Avropa Şurasının üzvü olduğu və Avropa Məhkəməsinin yurisdiksiyası altında yerləşdiyi üçün Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etmişdir. Buna görə də ölkədaxili hüquqi müdafiə mexanizmləri tükəndikdən sonra Azərbaycan vətəndaşları son ümid yeri kimi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilirlər.
-İnsan hüquqları pozuntularına qarşı cəza mexanizmləri nə dərəcədə təsirlidir?
Qeyd edilməlidir ki, insan hüquqlarının beynəlxalq müdafiə mexanizmləri uzunmüddətli, ağır və mürəkkəb bir prosesdir. Bir çox hallarda ölkədə insan hüquqlarının vəziyyətini araşdırmaq üçün beynəlxalq təşkilatlar və yerli qeyri-hökumət təşkilatları tərəfindən monitorinqlər keçirilir. Bu monitorinqlərin nəticələrinə əsasən məhkəmələrin ədalətliliyi qiymətləndirilir, hüquq müdafiə mexanizmlərinin fəaliyyəti araşdırılır və nəticədə insan hüquqlarının təmin olunması ilə bağlı hesabatlar hazırlanır.
-Müasir dövrdə insan hüquqlarının qorunmasında texnologiyanın rolu nədir?
-Müasir dövrdə texnologiyanın insan hüquqlarının qorunmasında rolu çox böyükdür. Məsələn, məhkəmə proseslərində özbaşınalıqların qarşısı alınmışdır, çünki bu proseslər artıq audio və video yazılarla qeydə alınır. Məhkəmədə tərəflərin ifadələri və izahatları protokollaşdırılır və əgər tərəflərin dedikləri üst-üstə düşmürsə, bu qeydlərdən istifadə olunaraq düzgün qərar qəbul edilir. Təqsirləndirilən şəxslər, iddiaçı və ya cavabdehlər artıq məhkəmə işçiləri və ya dövlət məmurları tərəfindən qanunsuzluğa məruz qalmır, çünki bu proseslər daimi müşahidə altında keçirilir. Həmçinin küçədə, açıq məkanlarda polis və hüquq mühafizə orqanlarının davranışları kameralar vasitəsilə izlənir, bu da qanunsuzluqların qarşısını almağa kömək edir.
Azərbaycan dövləti bir sıra beynəlxalq konvensiyalar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. Həmin öhdəliklər çərçivəsində vətəndaşların, istər BMT-nin, istərsə də Avropa qurumlarının müdafiə mexanizmlərindən istifadə edərək pozulmuş hüquqlarını bərpa etməsi təmin olunur.
Nərgiz Orucova