Talibanın idarə etdiyi Əfqanıstanda 2024-cü ilin avqust ayının sonlarında kişiləri də əhatə edən bir sıra qadağalar tətbiq edildi. Buna əsasən, “kişilərin cins şalvar geyinməsi və Qərb görünüşlü olması” qadağan edildi, eyni zamanda kişilərdən yumruq boyda saqqal saxlamaq tələb olundu. Əxlaq polisinin nəzarət edəcəyi yeni qanunlar çərçivəsində qərb ölkələri tərzini xatırladan saç kəsimləri və kişilərin həyat yoldaşları və ya qohumları olmayan qadınlara baxması cəzalandırılacaq. Amerikanın "The Washington Post" qəzetinə danışan bir əfqan, “Əgər kişilər səslərini yüksəltmiş olsaydılar, fərqli bir vəziyyətdə ola bilərdik. İndi isə sorğu-sual olunmaq və alçaldılmaq istəmədiyimiz üçün hamı saqqal saxlayır”,- deyə bildirib. Əfqanıstanda çox sayda insanın yeni qanunlara uyğun olaraq saqqal saxladığı, yanlarında səccadə daşıdığı, baş geyimi – papaq və ya əmmamə olmadan çölə çıxmadığı bildirilir. Bundan əlavə, yanında müşayiətçi olmadan qadın sərnişin daşıyan taksi sürücüləri və avtomobillərində musiqi çalan sürücülər saxlanılaraq xəbərdarlıq edilir. Əxlaq polisinin şübhələndiyi şəxsləri üç gün müddətinə həbsdə saxlamaq səlahiyyəti də var. Əxlaq polisinə verilən digər bir səlahiyyət isə ardıcıl dörd həftə məscidə getməyənlərin qapısını döyüb xəbərdarlıq etməkdir. Ölkədə hökm sürən qorxu mühiti səbəbilə bəzi dövlət qulluqçularının işlərini itirmək qorxusundan saqqal saxladığı deyilir. Əfqanıstanda kişilərə tətbiq edilən bu qanunlardan əvvəl, qadınların altıncı sinifdən sonra təhsilə davam etməsi, universitetlərə getməsi və yeni qəbul edilən “dini qanun” çərçivəsində ictimai yerlərdə səslərinin eşidilməsi, parklarda və ya bağçalarda İslam dininin müqəddəs kitabı olan Quranı oxumaları, həyat yoldaşları və ya qohumları olmayan kişilərlə göz təması qurmaq da qadağan edilmişdi.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Çimnaz Həmzəliyeva