
Radiasiya enerjinin kosmosda və ya digər mühitlərdə dalğalar və ya hissəciklər vasitəsilə yayılmasına verilən addır.
Elektromaqnit şüalanmaya radiodalğalar, mikrodalğalar, infraqırmızı şüalar, görünən işıq, ultrabənövşəyi şüalar, rentgen şüaları və qamma şüaları kimi şüalanma növləri daxildir. Hissəcik radiasiyasının alfa şüalanması, beta şüalanması və neytron şüalanması: ultrasəs, səs və seysmik dalğalara akustik şüalanma, məkan-zaman toxuması ilə yayılan qravitasiya dalğalarına isə qravitasiya şüalanması deyilir.
İctimaiyyət arasında ən çox yayılmış yanlış təsəvvürlərdən biri də radiasiyanın bütün formalarının həyata, insanlara və ümumilikdə sağlamlığa zərərli olması barədə təsəvvürdür. Yuxarıdakı təsnifatdan göründüyü kimi, gözlə görə bildiyimiz bütün işıq şüaları (və buna görə də rənglər) də radiasiyanın bir hissəsidir. Başqa sözlə, radiasiya mahiyyətcə zərərli olan bir hadisə deyil, rənglər sağ qalmamız üçün böyük əhəmiyyət kəsb edən radiasiya növləridir. Eynilə, qravitasiya dalğalarının sağlamlığa heç bir nəzərəçarpan təsiri yoxdur. Digər tərəfdən atom bombasından və ya radioaktiv elementdən yayılan radiasiya təbii ki, müəyyən dozadan artıq həyat üçün ölümcül təsirlər göstərə bilər.
Orta insanın il ərzində məruz qaldığı radiasiyanın böyük bir hissəsi (bəzən yarıdan çoxu) təbii elementlərdən gəlir. Radiasiyaya səbəb olan əsas mənbələr kimyəvi quruluşuna görə balanslaşdırılmayan elementlərdir. Belə elementlərə radioaktiv elementlər deyilir. Balanslaşdırılmış kimyəvi quruluşa nail olmaq üçün bu elementlər tarazlığını pozan əlavə enerji və ya kütləni dağıtmalıdırlar. Bunu etdikdə radiasiya yayırlar.
Lakin radiasiyaya məruz qalmaq üçün radioaktiv elementin yanında olmaq lazım deyil. Məsələn, Günəşdən, süni işıq mənbələrindən və ya ətrafımızdakı cihazlardan davamlı olaraq radiasiya yayılır. Üstəlik böyük partlayışdan qalan kosmik mikrodalğalı fon radiasiyası kainatın hara getdiyinizdən asılı olmayaraq məruz qalmalı olduğunuz bir radiasiya növüdür.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
