"İncəsənətin inciləri" rubrikası Van Qoqun "Zeytun ağacları" əsərini təqdim edir.

Vinsent Van Qoq on doqquzuncu əsr Avropa incəsənət tarixinə damğa vurmuş ən mühüm şəxsiyyətlərdən, rəssamlardan biridir. Elə ki, Van Qoqun yaratdığı bir çox əsər və tablolar bu gün bir çox şeyə ilham mənbəyi olur. Belə bir sənət insanını təsvir edərkən sadəcə "rəssam" sözünü istifadə etmək kifayət deyil. Bundan əlavə, zaman keçdikcə həm qərb, həm də dünya incəsənət tarixinin ən tanınmış, məşhur və ən uğurlu simalarından birinə çevrilməyi bacarıb.
Bəs Vinsent Van Qoq bunu necə bacarıb?
Əslində, bu əfsanəvi rəssamın uğurunun sirri çox aydındır: rəssamın müxtəlif çətinliklərlə dolu, duyğu dolu həyatını ifadə etmə bacarığı… Başqa sözlə desək, o hər nə qədər orta təbəqədən olan bir ailənin sakit uşağı kimi böyümüş olsa da, sonralar onun həyatına pisləşən sağlamlığı və rəsm çəkməyə möhkəm bağlılığı əlavə olunub. Bu bağlılıq onun həyatında baş verən fizioloji və psixoloji narahatlıqlarını ifadə etməyə vasitəçi olub. Bu ifadənin ən gözəl nümunələrindən biri də qərb dünyasında əfsanələşmiş olan "zeytun ağacları" rəsm əsəridir. Söhbət gedən bu əsər dünya miqyasında "Van Gogh Olive Trees" kimi tanınır.
Narahatlıqlar səbəbilə rəssam öz istəyi ilə Saint-Rémy vilayətində bir sanatoriyaya yerləşdirilib. Sanatoriya deyildikdə hər kəsin ağlında qaranlıq divarlar, zülmət dəhlizlər və kədər canlansa da, Van Qoq üçün vəziyyət fərqli idi. Çünki rəssam sanatoriya kimi distopik bir mühitdə yaşasa da, təsvir etməyə dəyər bir çox gözəllik tapmağı bacarıb. Bunlardan biri də sanatoriyanın yaxınlığındakı zeytun ağacı tarlaları idi.
Məşhur rəssam, sanatoriyadan çıxmağa icazə aldığı hər bir vaxt yaxınlıqdakı tarlalara gedirdi. Bu tarlalar sərv ağacları, buğda sahələri və zeytun ağacları ilə dolu idi.
Bəs bu tarlalarda Van Qoqu bu qədər təsirləndirən nə idi?
Van Qoqun "Zeytun ağacları" rəsm seriyası bu gün incəsənət aləmi üçün əhəmiyyətli olduğu qədər, çəkildiyi dövrdə sənətkar üçün də əhəmiyyətli idi. Çünki rəssam təbiətin sehrli və mistik bir ünsür olduğuna inanırdı. Onun fikrincə, təbiətdəki hər şey möcüzə idi. Təbiətdəki hər bir ünsür insan həyatını əks etdirən bir simvol idi. Bu düşüncəyə sahib Van Qoq üçün sanatoriyanın yaxınlığındakı zeytun ağacları insan həyatını, ilahi və mistik həyat dövranını təmsil edən elementlərdən biri idi. Onun üçün həmin zeytun ağacları müqəddəs idi. Bu inanc sənətkarı bir müddətlik də olsa emosional mənfiliklərdən xilas edib. Başqa sözlə desək, zeytun ağacları Van Qoq üçün həyata bağlanmağın açarı olub. "Zeytun ağacları" ilə Vinsent Van Qoq arasındakı münasibətin özəlliyi yazılmış müxtəlif məktublarında da açıq şəkildə ifadə edilib: "Zeytunluqlar içərisində qədim, gizli, lakin çox gözəl şeylər gizlənir. Bu hallar təsvir edilməyə cəsarət edilməyəcək qədər gözəldir..."
Hazırladı: Talehə Hüseynzadə
