Bu gün:

Bərpa olunan enerji mənbələrinə keçidin ekoloji faydaları nələrdir?



Enerji mənbələri bərpa olunan və bərpa olunmayan olaraq iki əsas qrupa bölünür. Bərpa olunan enerji mənbələri günəş, külək və su kimi təbiətdə daim yenilənən resurslardan əldə edilir. Bərpa olunmayan enerji mənbələri, məsələn, neft və kömür məhdud resurslar olaraq tükənmə riski daşıyır. 


Bərpa olunan enerji mənbələrinə keçidin ekoloji faydaları nələrdir və bu keçidin şəhər həyatına təsiri necə olacaq? Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli 24Media.az-a danışıb.



Qorxmaz İbrahimli deyir ki, bərpa olunan enerji dedikdə günəş enerjisi, külək enerjisi və dağ çaylarında qurulan su elektrik stansiyalarından istifadə nəzərdə tutulur. Əgər söhbət "yaşıl enerji"dən gedirsə, bu keçid həm ətraf mühitin qorunmasına xidmət edir, həm də alternativ enerji mənbələrindən yararlanmağı əhatə edir. Lakin Azərbaycanın tamamilə bərpa olunan enerjiyə keçməsi kompleks bir məsələ olaraq qalır.


Azərbaycan 2030-cu ilə qədər yaşıl enerji ixracatçısı olmağı hədəfləyir. Bu keçidin qiymətlərə təsiri sual doğurur. Hazırda qaz istehsalçısı olan ölkəmizdə enerji qiymətləri tez-tez dəyişir. “Qaz və su qiymətlərinin artması yaşıl enerjinin maya dəyərinin də yüksək olacağı ilə bağlı şübhələr yaradır”, – deyə ekoloq bildirir.


Ekoloqun fikrincə, yaşıl enerji keçidi ətraf mühit üçün müsbət addım olsa da, nəqliyyat sektorunda karbon emissiyalarını azaltmaq üçün hibrid və ya elektrikli nəqliyyat vasitələrinə keçid hələ geniş tətbiq edilməyib.


 Azərbaycanda karbon emissiyaları qlobal istiləşməyə ciddi təsir göstərmir, çünki ağır sənaye, maşınqayırma və metallurgiya sahələri geniş yayılmayıb. Bu səbəbdən ölkəmizin qlobal istiləşməyə verdiyi töhfə minimaldır. Qlobal karbon emissiyaları, əsasən, Çin, ABŞ və digər sənaye nəhəngi olan ölkələrdən qaynaqlanır. Elektrikli avtomobillərin istehsalı ağır sənaye ilə əlaqəli olduğundan, metalların əridilməsi və digər proseslərdə yenə karbon emissiyaları meydana gəlir.


Ekoloq sonda əlavə edir ki, yaşıl enerji keçidi ətraf mühit üçün vacibdir, lakin bu keçidin ölkə iqtisadiyyatına və enerji qiymətlərinə təsiri hələ də sual altındadır.


Nərgiz Orucova

Paylaş
Şərh əlavə et