Bu gün:

"Üzeyir Mehdizadə ilə duet etmək istəyərəm"- Joseph Abbas ilə müsahibə



24media.az-ın növbəti qonağı “Heç vaxt” mahnısı ilə tanınan, ifaçı Joseph Abbasdır.

Joseph Abbası bir sözlə ifadə et dedikdə o, özünü belə təqdim edib: “Joseph Abbas dedikdə, yəqin ki, musiqi, yaradıcılıqla bağlı fikirlər ağıla gələ bilər. Bütün həyatımı incəsənətə həsr etmişəm, təkcə musiqi yox, incəsənətə. Ona görə də Josephi bir sözlə ifadə etsəm, bu, “incəsənət” olardı”.


“Heç vaxt” mahnısının hekayəsini bizimlə bölüşən Joseph mahnılarını 2 cür hazırladığını - ya öz təxəyyülünə, yaxud həyatına referans verərək yaratdığını qeyd edib: “Söz və musiqisi mənə məxsus olan “Heç vaxt” mahnısı öz beynimdə yaratdığım obrazlarla bağlıdır, həmçinin mahnı uzun müddətə ərsəyə gəldi. Bəstə və aranjmanla birlikdə 1 ildən çox vaxt sərf etdim. Sadəcə LGBTQA+ fokuslu layihədə istənilib və mən də razılığımı bildirmişəm”.


Joseph düşünür ki, Azərbaycanda LGBTQA+ olmaq çətindir. “İnsanların başqalarının həyatı ilə bağlı nə problemləri var, heç özüm də anlamıram” deyən ifaçı fikirlərini bölüşüb: “Düşünürəm ki, hansısa Avropa ölkəsində LGBTQA+ olmaq Azərbaycanda olmaqdan daha asandır. Azərbaycanda bu daha çətin olduğu üçün məncə o insanlar cəsurdurlar. Mənim üçün heç bir problem yoxdur, sadəcə insanların başqaları ilə nə problemləri var, bunu anlamıram”.


“Əgər 10 il sonra da “Heç vaxt”la tanınıramsa, deməli sonra yaxşı bəstə hazırlamamışam” deyən Joseph Abbas karyera hədəflərini bölüşərkən bunları qeyd edib: “Musiqiçinin insanlara çatdırmaq istədiyi fikirlər olur, düşünürəm ki, bu fikirləri trend olan bir mahnı istiqamətində etməyə çalışırsa, bu, istifadəçilik olur. Əgər 10 il sonra da “Heç vaxt” mahnısı ilə tanınıramsa, deməli ondan sonra yaxşı bəstə hazırlamamışam, hədəfim isə daha səs gətirən bəstə hazırlamaq, yüz minlik kütləyə çatmaqdır”.

Müsahibimiz unudulmaz hesab etdiyi konsertindən və yeni mahnısından danışıb: “Keçən il qrupum “Temma” ilə 3 böyük konsert verdik. Hər biri mənim üçün unudulmaz idi. O vaxta qədər olan konsertlərim isə gözümdə daha həvəskar görünür. Sentyabr ayında daha böyük konsert düşünürəm, hazırlıqlar artıq başlayıb. Önümüzdəki 3 ay içərisində 3 yeni mahnı gözlənilir. 2 həftə sonra çıxacaq olan mahnım Fikrət Əmirovun bəstələdiyi “Kor ərəbin mahnısı”dır, həm öz bəstəm olmadığı, həm də illər öncə mahnıya klip çəkildiyinə görə klip düşünmürəm”.


Bir sənətçi üçün onun ən sevimli mahnısını soruşmaq həmişə çətin olsa da, Joseph sevimli mahnısını belə vurğulayıb: “Qrupumuz “Temma” nı yaratdıqda “artıq həyatımın dönüm nöqtəsidir” dedim. Ondan sonra həyatımın dəyişəcəyini hiss eləmişdim. Mahnı ərsəyə gətirərkən daha çox beynimi işlətməyə çalışıram. “Sən dəmi Brut?” bəstələrin içərisində ən çox beynimi işlətdiyim mahnı olduğu üçün, bəlkə də, ən sevdiyim mahnımdır”.

“Ailə üzvlərim dindar olduğu üçün bəzən mübahisələr yaranır” 

Musiqiçi eyni zamanda motivasiyanı nədən aldığını da bölüşüb: “Ailəmin musiqiyə baxışı mənimki ilə eyni deyil, ailə üzvlərim dindardır, ona görə də bəzən mübahisələr yaranır, bu, mənə psixoloji təsir göstərsə də, sənətimə, mahnıları yazmağıma və sərbəstliyimə mane olmur. Öz qrupuma dediyim kimi, “Heç vaxt”ı artıq insanlar bilir, bununla adım tanınır, bundan sonra mahnılarımızı rahat şəkildə hazırlaya bilərik. Lakin çatdırmaq istədiyim fikirlər günü-gündən böyüyür, motivasyadan düşdükdə də bunları, “Heç vaxt”ı düşünərək ayağa qalxıram”.


Müsahibimiz “Düşünürəm ki, Azərbaycanda heç kim olmaq istədiyi yerdə deyil” fikrini belə açıqlayıb: “Məncə nəinki mən, Azərbaycanda heç kim istədiyi yerdə deyil.  Əsas istəyim hazırladığım bəstə paylaşıldığı anda böyük bir kütləyə çatmasını istəyirəm. Əvvəlcə, o kütləni yaradıb, sonra o kütləyə qışqırmaq istədiyim mövzular var. Yüz minlik kütləyə çatdırmaq istədiyim isə həmin kütləyə çatdığımda yaranmış olan düşüncələrimdir”.

“İllər öncə sadəcə oxuyan, gitar ifaçısı idim” deyən Joseph Abbas artıq cəmiyyət nə deyər düşüncəsini özü üçün ləğv edib: “5 il bundan əvvəlki Josephlə indiki mən arasındakı fərq böyükdür. İndi artıq incəsənət adamıyam, yaradıcı biriyəm, illər öncə isə sadəcə oxuyan və ya gitarda ifa edən biri idim. Xarakterim musiqimlə yanaşı, həyatıma, danışığıma da yansıyır. Artıq etdiyim hər hansı bir hərəkətə görə “cəmiyyət nə deyər” deyib arada qalmıram. Xarakterimin etdiyim hərəkətləri açdığını düşünürəm”.

“Üzeyir Mehdizadə ilə duet etmək istəyərəm” deyə əlavə edən Joseph hər kəsin musiqi zövqünün fərqli olduğunu bildirib: “Heç nə pis deyil, sadəcə insanların musiqi zövqü fərqlidir. Keçmiş illərdən fərqli olaraq artıq Azərbaycanda öz dilimizdə dünyanın bütün janrlarına aid mahnılar tapmaq mümkündür. Bu, sevindirici haldır. Artıq mən mahnıları janrlarına görə seçmirəm, dinlədikdə sevdiyim və sevmədiyim kimi qruplaşdırıram. Azərbaycanda sağlam musiqi dinləmək qabiliyyəti formalaşıb ki, bu da sevindiricidir. Doğrusu, hələ özünün xəbəri olmasa da, bəstəni mənim hazırlamağım şərti ilə Üzeyir Mehdizadə ilə duet etmək istəyərəm”.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et