Auschwitz, Polşanın Krakov şəhəri yaxınlığında yerləşən, almanlar tərəfindən qurulan ən böyük düşərgə idi. Auschwitz’də bir milyondan çox insan ölüb, onlardan onda doqquzu yəhudi idi.

Düşərgənin girişinin üstündəki yazıda belə yazılıb: “ARBEIT MACHT FREI”, yəni “iş azadlığa aparır”. Reallıq isə tam tərsinə idi. Əmək soyqırımın başqa bir formasına çevrilib. Zərərçəkənlərin saçları qırxılmış və sol qollarına qeydiyyat nömrəsi tatuirovka edilib. Məhkumlar pəncərələri olmayan, istidən və soyuqdan qorunmayan sadə kazarmalarda saxlanılıb. Məhkumlar həmişə ac qalıb. Pəhriz, çürük tərəvəz və ətdən ibarət maye güveç, bir neçə yüz qram çörək, bir parça marqarin və bəzən çaydan ibarət idi. Susuzluq və qida çatışmazlığından zəifləmiş insanlar düşərgədə yayılan yoluxucu xəstəliklərin asanlıqla qurbanına çevriliblər.
Auschwitz’dən qaçmaq demək olar ki, mümkün olmayıb. Konsentrasiya düşərgəsi və məhvetmə düşərgəsi elektrikləşdirilmiş tikanlı məftillərlə əhatə olunmuşdu. Çoxsaylı qüllələrdə pulemyot və avtomat tüfənglərlə silahlanmış keşikçilər var idi.
Düşərgənin özü, 1941-1945-ci illərdə mövcud olub. 27 yanvar 1945-ci ildə isə Sovet ordusu Auschwitz’ə daxil olub və qalan məhbusları azad edib. Auschwitz’in mövcud olduğu qısa müddət ərzində orada 1 milyona yaxın yəhudi öldürülüb. Digər itkilər arasında 70.000-74.000 polyak, 21.000 qaraçı və təxminən 15.000 sovet hərbi əsiri var idi.
Mənbə: Encyclopedia.ushmm.org
Tərcümə etdi: Fatimə Kərimli
