
Alimlər, həyata qayıtmasının qarşısını almaq üçün xüsusi diqqətlə basdırılmış “vampir” Zosiyanın üz modelini hazırlayıb, sanki ona yenidən həyat veriblər. DNT, 3D çap və gil modelləşdirmədən istifadə edərək alimlər, 400 il əvvəl yaşamış bu qadının üzünün necə görünə biləcəyini yenidən canlandırıblar. Qeyd edək ki, yerli əhali tərəfindən Zosiya adlandırılan bu qadın 2022-ci ildə Polşanın Nikolay Kopernik Universitetinin arxeoloqları tərəfindən tapılıb.
O, Polşanın şimalında yerləşən Pien şəhərində, nişanlanmamış bir qəbirdə dəfn edilmişdi — boynunun üzərindən keçən dəmir orağa və ayağından asma kilidə bağlanmış vəziyyətdə idi. Qəbirstanlıqda tapılan orağın və asma kilidin vampirlərdən qoruyan sehrli xüsusiyyətlərə malik olduğuna inanılırdı.
Zosiyanın qalıqları üzərində aparılan analizlər onun öldüyü zaman 18-20 yaşlarında olduğunu və huşunu itirmə, şiddətli baş ağrıları və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini göstərir. Tədqiqatçılar onun üzünü kəllə sümüyü əsasında bərpa ediblər. Mütəxəssislər, əvvəlcə kəllə sümüyünün 3D çapını yaradıb, daha sonra isə plastilin gilindən qat-qat istifadə edərək real görünüşlü üz yaratmağa çalışıblar.
Zosiya ilə yanaşı, Pien qəsəbəsində tapılan digər qalıqlar arasında üzü aşağı basdırılmış və ayağından asma kilidlə bağlı olan “vampir” bir uşaq da var idi.
Mənbə: Sky News
Tərcümə etdi: Səidə Abasova
