
Gainsborough Old Hall-da, bəd nəzərdən qorunmaq üçün hazırlandığı düşünülən 20-yə yaxın oyma işarəsi aşkar edilib. Bu təsir edici kolleksiya arasında, binanın 1596-cı ildən etibarən sahibi olmuş tacir William Hickmana aid olduğu güman edilən nadir lənət yazıları da var. Maraqlıdır ki, yazılardan birində Hickmanın adı tərsinə yazılıb; bunun həmin şəxsi lənətləmək üçün bir üsul olduğu düşünülür. Bu tip işarələr İngiltərə İrsinin (English Heritage) digər ərazilərində əvvəllər görünməmiş bir tapıntıdır.
Son iki il ərzində könüllü Ricky Berry tərəfindən xəritələnən lənət oymaları müxtəlif simvolları əhatə edir. Bəziləri cinləri tələyə salmaq üçün sadə dairələrdən ibarətdir, digərləri isə himayə məqsədilə Bakirə Məryəmə müraciət edən üst-üstə düşən V-lər və ya “Marian” işarələri kimi tanınır. Bundan əlavə, onlar arasında şərdən qorunmaq üçün istifadə edilən pentaqram da tapılıb.
İngiltərə İrsi, bu kəşflərin Gainsborough Old Hall-u onların nəzarətindəki ən “qorunan” yerlərdən birinə çevirdiyini bildirib və binanın qədim dövrlərdəki fövqəltəbii təhlükələrdən qorunmaq üçün edilən ritual işarələrlə zəngin olduğunu vurğulayıb.
Mənbə: Sky News
Tərcümə etdi: Səidə Abasova
