Almaniya deyildikdə ilk ağıla gələn və ildə 1,5 milyon ziyarətçiyə ev sahibliyi edən Noyşvanştayn qalası artıq məşhurlaşlb. Bu füsunkar qalaya baş çəkmək, xüsusən də payızın qaranlığı enərkən onun təsirli hekayəsini daha da mənalı edir. Qala yalnız bələdçili turlar və əvvəlcədən müəyyən edilmiş biletlərlə ziyarət edilə bilər. Tikintisi 17 il çəkmiş və Bavariya kralı ll Lüdviq tərəfindən tikilmiş bu qəsrin arxasında sirli və kədərli bir hekayə var.

Qalanın hekayəsi Bavariya kralı II Lüdviq haqqındadır. Hekayə, Lüdviqin qısa ömründə ölkəsinin demək olar ki, bütün resurslarını bu qeyri-real, nağıl kimi görünən qalaya xərclədiyi və qala tamamlanandan dərhal sonra müəmmalı şəkildə öldüyü zaman cərəyan edir.
Kral II Lüdviq tarixdə həmişə utancaq, özünə qapanan, uşaqlığını yaşamayan bir insan kimi xatırlanır. Uşaqlığının çox hissəsini valideynlərindən ayrı, qardaşı Otto ilə keçirən Lüdviq bütün təcrid olunmuş həyatını, kədərini, qu quşlarına olan sevgisini bu qalada əks etdirib. Beləliklə, Lüdviq özünə alternativ dünya yaradıb və bu qalada orta əsrlər kralı kimi yaşamaq arzusunda olub. Onun əhval-ruhiyyəsini anlamaq üçün qalada yeməkxana və yataq otağına baş çəkmək kifayətdir. Demək olar ki, bütün şəxsi yaşayış yerləri bir nəfər üçündür.
Güman edilir ki, ömrü boyu bu qədər adla çağırılan ikinci bir padşah olmayıb. Onun ləqəbləri arasında "Qu quşu kralı", Bavariyanın "Dəli kralı", "Yuxu kralı" və "Dəli Lüdviq" kimi adlar var. Eyni zamanda Kral II Lüdviqi “zəmanəsindən xeyli qabaqda olan nağıl qəhrəmanı” hesab edən bir qrup insan da var.
Lüdviq yaratdığı və 17 il tamamlanmasını gözlədiyi qalada cəmi 11 gecə yata bilib. Qalanın tikintisinə öz vaxtını və ölkəsinin demək olar ki, bütün resurslarını sərf etdiyi üçün Lüdviq öz nazirləri tərəfindən ittiham edilərək cəzalandırılır və 1886-cı ilin iyununda bir qrup Bavariya həkimindən ibarət psixiatriya komitəsi tərəfindən əqli qüsurlu elan edilir. Və bu qaladan götürülərək göldəki Berq qalasına həbs edilib.
Həmin il iyulun 13-də Berq qalasına gətirildikdən cəmi bir neçə gün sonra dərinliyi 1,5 metri belə keçməyən Starnberq gölünün sularında özünün və psixiatrının cansız cəsədləri tapılıb. Ölümün səbəbi qətl, boğulma və ya intihar idi? Bunun nə olduğu heç vaxt tam aydın olmayıb.
Niyə padşah Neuschwanstein qəsrini uşaqlıq qalası Schloss Hohenschwangau qarşısındakı təpədə tikib? Bir şayiəyə görə: II Lüdviqin bu məkanı seçməsinin səbəbi həm atasının qalasından daha möhtəşəm bir tikili inşa edə biləcəyini sübut etmək, həm də doğulub boya-başa çatdığı yerin heyrətamiz mənzərəsinə olan sevgisi olub. Yəni ata-oğul rəqabətinin olması fikri də kifayət qədər yaygındır.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Aysu Əsgərzadə
