Qucaqlaşmaq sevgini ifadə etməyin ən gözəl yollarından biridir. İnsanlar bir-birlərinə olan bağlarını və sevgilərini qucaqlaşaraq ən sadə şəkildə göstərirlər. Bununla, sevgi, dostluq, həsrət, şəfqət kimi duyğuları tək bir jestlə ifadə etmək mümkün olur. Qucaqlaşmaq sevdiklərimizlə aramızdakı bağı gücləndirir, tək olmadığımızı və yanımızda bizə dəstək olan insanların olduğunu hiss etdirir.
Aşağıda qucaqlaşmağın bir neçə faydasını təqdim edirik:
1. Qucaqlaşmaq dəstəyinizi göstərməklə stressi azaldır.
Dostunuz və ya ailə üzvünüz çətin bir an yaşayırsa, onu qucaqlamaq həm onun, həm də sizin stress səviyyənizi azaltmağa kömək edə bilər.
2. Qucaqlaşmaq sizi xəstəliklərdən qoruyur.
Qucaqlaşma stressi azaltdığı üçün sağlamlığınızı da müsbət təsir edə bilər. Tədqiqatçılar 400-dən çox yetkin üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, qucaqlaşmaq bir insanın xəstələnmə ehtimalını azalda bilər.
3. Qucaqlaşmalar ürək sağlamlığınızı qoruyur.
Bir araşdırmada elm adamları təxminən 200 yetkin şəxsi iki qrupa ayırıblar. Birinci qrupda cütlüklər əvvəlcə 10 dəqiqə əl-ələ tutub, sonra isə 20 saniyə qucaqlaşıblar. İkinci qrupdakı cütlüklər isə 10 dəqiqə boyunca səssizcə oturublar. Nəticədə, birinci qrupda qan təzyiqi səviyyəsi və ürək döyüntüləri ikinci qrupa nisbətən daha çox azalıb. Bu nəticəyə əsasən, qucaqlaşmanın ürək sağlamlığı üçün faydalı olduğu söylənilə bilər.
Mənbə: Healthline
Tərcümə edən: Fatimə Cabbarlı
