Bu gün:

Beyin mexanizmi haqqında bunları bilirdinizmi?


Nevrologiya sahəsində çalışan alimlər beyin haqqında çox şey öyrəniblər, baxmayaraq ki, hələ də başa düşmədiyimiz çox şey var. Beyin gündəlik həyatımızın bütün aspektlərində yaxından iştirak edir. O, televizora baxmaq kimi sadə işlərdən, raket elmi kimi mürəkkəb işlərə qədər etdiyimiz hər şeydə fəaliyyət göstərir. Beyin mühitdən məlumat alır, onu analiz edir və bu məlumatla məşğul olmaq üçün fəaliyyət planı təqdim edir. Beynin içində müəyyən işlər üçün ixtisaslaşmış sahələr var, lakin bu hissələrin hamısı birgə işləyərək bütövlük yaradır. Beynin kiçik bir hissəsindəki problem böyük nəticələrə yol aça bilər, o cümlədən ciddi psixi xəstəliklərin inkişafına.

Beyin özlüyündə milyonlarla hüceyrədən ibarətdir. Neyronlar beyin içindəki mühüm hüceyrə növüdür. Beynin bütövlüyü kimi, bu hüceyrələr də məlumat qəbul etmək, onu emal etmək və bu məlumatlara cavab olaraq bəzi fəaliyyətləri həyata keçirmək üçün işləyir. Neyronlar izolyasiyalı şəkildə fəaliyyət göstərmir; əksinə, onlar bir çox digər neyronlarla bağlıdır. Neyronlar bir-biri ilə "neurotransmitter" adlanan kimyəvi maddələr vasitəsilə ünsiyyət qururlar. Beyində bir çox fərqli növ neurotransmitterlər var. Onlar arasında qlutamat, GABA, dopamin, serotonin, norepinefrin və asetilkolin var. Bəzi neurotransmitterlərlə bağlı problemlərin spesifik xəstəliklərlə əlaqəli olduğu düşünülür. Məsələn, dopaminin az olması Parkinson xəstəliyi ilə, çox olması isə şizofreniya ilə əlaqələndirilir. Serotonin və norepinefrin ilə bağlı problemlər depressiya və bipolar pozğunluq ilə əlaqəlidir. Neyronlar arasında ünsiyyətin baş verdiyi yer "sinaps" adlanır. İstifadə etdiyimiz əksər psixiatrik dərmanlar sinapsdakı kimyəvi ünsiyyəti dəyişdirməklə fəaliyyət göstərir. Neyronların bu dəyişikliklərə uzunmüddətli adaptasiyası, bu dərmanların faydalı təsirlərini yaradır.


Mənbə: Department of Psychiatry 

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et