Bu gün:

Effektiv danışıq üçün tövsiyələr


Danışmaq insanların özünü ifadə edə biləcəyi ən təsirli üsullardan biridir. Bununla belə, hər kəsin effektiv danışıq qabiliyyəti yoxdur.

Demək olar ki, hər kəs danışığı və ya yazdığı mətnlə qarşıdakı insanı heyran etmək istəyir. Bu bir həqiqətdir ki, təkcə ictimai yerlərdə deyil, iş və şəxsi həyatda da təsirli danışan insanlar bu xüsusiyyətləri sayəsində seçilir. 


Əvvəlcədən çıxışınıza hazırlaşın

Effektiv nitq üçün əvvəlcədən nə danışacağınızı müəyyən edin. Əgər bu planlı bir çıxışdırsa və çıxış mətni hazırlanıbsa, əvvəlcə məşq etməklə başlaya bilərsiniz. Ancaq plansız və hazırlıqsız çıxış edəcəksinizsə, çıxışınız zamanı qeyd edəcəyiniz məqamları düşünün, düşünmədən cümlələr qurmamağa və tez danışmamağa çalışın. 

Göz təması qurun

Effektiv ünsiyyət üçün riayət etməniz lazım olan qaydaların başında danışarkən göz təması qurmaq durur. Əgər danışdığınız insanı nitqinizlə heyran etmək və dediklərinizdə səmimi olduğunuza inandırmaq istəyirsinizsə, göz təması qurmaqdan çəkinməyin. 


Bədən dilinizdən düzgün istifadə edin

Effektiv ünsiyyət üçün jestlərdən və üz ifadələrindən istifadə edin. Bədən dilinin əhəmiyyətinə laqeyd yanaşmayın, enerjinizi düzgün yayaraq və bədən dilinizi düzgün istifadə edərək öz hiss və düşüncələrinizi bədən dilinizlə təsdiqləyin. 


Səs tonunuza diqqət yetirin

Diqqət yetirməli olduğunuz başqa bir amil səs tonunuzdur. Danışarkən düzgün zamanda nəfəs almağa, tez deyil, aramla, aydın danışmağa diqqət edin. Səs tonunuz hissləriniz və düşüncələriniz haqqında ipucu verir. Bu səbəblə, həyəcanlı, stresli və ya kədərli olsanız belə, olduğunuz mühitə uyğun olaraq səs tonunuzu tənzimləyir, yüksək və ya alçaq səslə danışmamağa çalışın.

Danışarkən mövzunuzdan yayınmayın

Fərqli mövzulardan danışmaq, əsas mövzudan uzaqlaşmaq diqqəti yayındırır və verilməsi nəzərdə tutulan mesaj dinləyiciyə çatmır. Unutmayın ki, məqsədsiz çıxış səmərəsiz olacaq və auditoriyaya çatmayacaq.

Diqqəti cəlb edin

Effektiv nitqin ən mühüm elementlərindən biri dinləyicinin diqqətini deyilənlərə cəlb etməkdir. Əgər yumoristik bir insansınızsa, çıxışınız zamanı bu xüsusiyyətdən yararlana və ya çıxışınızla bağlı lətifələrdən, maraqlı məlumatlardan istifadə edərək dinləyicilərin diqqətini cəlb edə bilərsiniz.

Sözü çox uzatmayın

Lazımsız uzun çıxışlar etibarınızı itirməyə, auditoriyanın diqqətini və marağını azaltmağa səbəb olur. Ona görə də diqqətli olun ki, nitqinizi uzatmayın və dinləyicilərin diqqətini özünüzdə "saxlayın". 

Mənbə: Kariyer rehberi 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et