
Şüur və şüuraltı teoriyaları, insan psixologiyasının dərinliklərinə enən, zehin işləyişini anlamağa çalışan yanaşmalar arasında yer alır. Sigmund Freud’un psixodinamik teorisi bu mövzudakı ən tanınmış yanaşmalardan biridir.
Şüur nədir?
Şüur, insanın hazırda fərqində olduğu duyğu, düşüncə və xatirələrdir. Bu, zehinimizin məntiqli düşünmə, qərar vermə və ətrafımızı qavrama kimi aktiv proseslərini əhatə edir. Gündəlik həyatımızda, şüurlu olaraq düşündüyümüz və hiss etdiyimiz hər şey bu səviyyədə baş verir. Məsələn, hazırda bu mətni oxumağınız, zehininizin şüur səviyyəsində baş verən bir hərəkətdir.
Şüuraltı nədir?
Freud’a görə, şüuraltı fərqində olmadığımız, lakin davranışlarımızı və düşüncə proseslərimizi təsir edən zehni proseslərin olduğu sahədir. Şüuraltında basdırılmış arzular, travmatik xatirələr və qəbul edilməsi çətin olan düşüncələr yer alır. Bu məzmunlar, şüurlu zehin tərəfindən gizlənir, amma yuxular, dil sürüşmələri və ya sərbəst çağırışlar vasitəsilə ortaya çıxa bilər. Freud, şüuraltının insan davranışlarını müəyyən etmədə böyük bir rol oynadığını və psixoloji problemlərin mənbəyinin əksər hallarda şüuraltındakı basdırılmış materiallar olduğunu irəli sürüb.
Şüur və şüuraltının qarşılıqlı təsiri
Freud’un teorisinə görə, zehin işləyişi bir buzdağına bənzəyir. Buzdağının su üstündə qalan hissəsi şüuru, su altında qalan böyük hissəsi isə şüuraltını təmsil edir. Bu, insanın fərqində olmadığı, lakin davranışlarını və düşüncə nümunələrinə təsir edən geniş bir zehni strukturun mövcudluğuna işarə edir. Şüur və şüuraltı arasındakı qarşılıqlı təsir, insanın özünü anlamaqda və daxili münaqişələrini həll etməkdə kritik bir önəmə malikdir.
Freud’un şüuraltı teoriyası
Freud’un struktural modelinə görə, zehin üç komponentdən ibarətdir: İd, ego və super ego.
İd: İnsanın doğuşdan gələn primitiv çağırışlarını və arzularını təmsil edir. Tamamilə şüuraltında yerləşir və zövq prinsipi üzrə hərəkət edir.
Ego: Gerçəklik prinsipi üzrə hərəkət edən, məntiqli və şüurlu hissəmizdir. İd və super ego arasında tarazlığı təmin etməyə çalışır.
Super ego: Cəmiyyətin normaları və əxlaqi dəyərlər əsasında davranmağımızı təmin edir. Həm şüur, həm də şüuraltında ola bilər.
Bu teoriyalar, terapiyada istifadə olunan psixoanaliz metodları ilə xəstələrin şüuraltındakı basdırılmış duyğu və düşüncələrin açığa çıxarılmasını hədəfləyir.
Mənbə: Psychology Today
Hazırladı: Zeynəb Yunuszadə
