ABŞ-lı alimlər vegeterian qidalanma tərzinin ömrü uzada biləcəyini açıqlayıblar. ABŞ-ın Kaliforniya ştatında yerləşən Loma Linda Universiteti vegeterian qidalanma tərzinin insanı xəstəliklərdən qoruduğunu göstərən bir araşdırma aparıb.

Səs gətirən araşdırmaya görə, vegeterian qidalanma tərzini mənimsəyən orta yaşlı şəxslərin müxtəlif xəstəliklərə tutulma ehtimalı, ət ağırlıqlı qidalanan digər orta yaşlı şəxslərə nisbətən daha azdır.
Lakin 65 yaş və yuxarı şəxslər üçün bu vəziyyətin tam əksinə işlədiyi müşahidə edilib. Yaşlı şəxslərdə vegeterian qidalanmanın insult, demans və parkinson xəstəliyi kimi problemlərə tutulma riskini artırdığı görülüb. Vegeterian diyeta balıq əlavə edildikdə isə bu risklərin əhəmiyyətli dərəcədə azaldığı aşkarlanıb.
American Journal of Clinical Nutrition jurnalında dərc olunan araşdırmada, Kanada və ABŞ-dan 30-85 yaş aralığında olan 88 min nəfərin qidalanma məlumatları araşdırılıb. İştirakçılar qidalanma tərzlərinə görə 5 qrupa bölünüb: vegeterian olmayanlar, yarı vegeterianlar, pesko-vegeterianlar (balıq yeyənlər), lakto-ovo-vegeterianlar (süd məhsulları və yumurta yeyənlər) və veganlar.
Ümumilikdə, vegeterian qidalananların ət yeyənlərlə müqayisədə təxminən 12% daha az xəstəlik riski daşıdığı görülüb. Balıq yeyən pesko-vegeterianlarda isə ölüm riskinin 18% daha az olduğu aşkarlanıb. Alimlər bu qidalanma tərzinin ömrü 100 ilə qədər uzada biləcəyini bildiriblər.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
