Bu gün:

Çində pul qazanan ev heyvanları


Çində ev heyvanları kafelərdə “qəlyanaltı pulu” qazanır, sahibləri isə onları işləməyə göndərir.

 

Jane Xue, 2 yaşlı Samoyed cinsi iti OK-ni sentyabr ayının ortalarında ilk iş gününə göndərib. Onun iş yeri cənub-şərqi Çinin Fuzhou şəhərində yerləşən bir it kafesidir. “Bu, valideynlərin uşaqlarını məktəbə göndərməsi kimidir,” deyə 27 yaşlı doktorant CNN-ə verdiyi müsahibədə OK-ni yeni yarımştat işinə yola salarkən bildirib.

Xue və həyat yoldaşı adətən həftə sonları evdə olmadıqları üçün, itinin “fərqli bir həyat yaşamasını” istəyib. “OK-ni kafeyə göndərmək hər iki tərəf üçün faydalıdır. O, digər itlərlə oynayır və özünü tənha hiss etmir,” deyə Xue bildirib.

Çində ev heyvanları kafeləri böyük bir biznesdir. Ziyarətçilər kafedə sərbəst gəzən heyvanlarla ünsiyyət qura bilir və bu da obyekt sahiblərinə təcrübə üçün daha çox pul almağa imkan verir. Çində pişik və it kafelərinə gedən müştərilər adətən giriş haqqı olaraq adambaşına 30-60 yuan (4-8.5 dollar) ödəyir və ya sadəcə bir fincan qəhvə sifariş edirlər.

Xue deyir ki, OK-nin kafedə işləməsi təkcə əyləncə deyil, həm də pul qənaəti deməkdir. Əgər iti evdə saxlasalar, bütün gün kondisioneri açıq qoymalı olurlar, bu isə baha başa gəlir. “Fuzhou-da yaylar çox sərt keçir,” deyə əlavə edib.

Xue-nin ideyası qeyri-adi səslənsə də, bu, Çində artan bir tendensiyadır. Çində bu, “Zhengmaotiaoqian” adlanır və “qəlyanaltı pulu qazanmaq” kimi tərcümə olunur.

Mənbə: CNN

Tərcümə etdi: Muştaqova Nigar

Paylaş
Şərh əlavə et