Misirdəki daş dairə olan Nabta Playa insanlar tərəfindən 7500 il əvvəl yay gündönümünü qeyd etmək üçün istifadə edilmiş ola bilər. Daş dairənin ortasında qəbir tikilisi var idi. 2001-ci ildə aparılan qazıntılar nəticəsində məzarda insan qalıqlarına rast gəlinməsə də, tam inək skeleti aşkar edilib. Bu tapıntı onu deməyə əsas verir ki, ərazi heyvandarlıqla məşğul olan və mövsümi gölləri izləyən qədim insanlar tərəfindən salınmış ola bilər.

Nabta Playa-da tapılan daşların çoxunun xüsusi ulduzların yüksəlişi ilə uyğunlaşmaq üçün yerləşdirildiyi güman edilir. Xüsusilə, dairənin altı daxili daşı mühüm səmavi hadisələri qeyd edən təqvim rolunu oynaya bilər. Bu altı daş 29 obelisklə əhatə olunmuşdu və bəzi tədqiqatçılar bu daşların ibtidai təqvim təşkil etdiyini ehtimal edirlər. Tədqiqatçılar daş dairədəki bəzi daşların yay gündönümündə günəşin doğuşunu işarələdiyini və bu işarənin bu dövrdə gölləri dolduracaq yağışların yaxınlaşmasından xəbər verdiyini irəli sürürlər. Daş dairənin mərkəzindəki üç daşın Orion bürcünün kəmərini , bəzi daşların isə Arcturus, Sirius və Alpha Centauri parlaq ulduzlarının mövsümi yüksəlişini ifadə etdiyi də təklif edilir.
Bu quruluş qədim insanların səmanı necə öyrəndiyini və astronomiya ilə həyatlarını necə formalaşdırdığını anlamaq üçün böyük bir qapı açır. Nabta Playa sadəcə tarixdən əvvəlki təqvim və ya rəsədxana deyil, həm də bu insanların təbiətlə əlaqəsini və mövsümi həyatlarını anlamağa kömək edir.
Min illər əvvəl yaşamış bu insanlar, həyatlarını səmaya baxaraq təşkil edən mükəmməl bir mədəniyyətə sahib idilər.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
