27 Sentyabr. Heç bir şərh vermədən sadəcə bu tarixi desək, gözümüzün qarşısında sözlərlə anlatılmayacaq səhnələr canlanır. Saat 06: 00. Durmadan pozulan atəşkəs, sadəcə öz torpağında özünü qorumağa çalışan, bir o qədər də 30 il Vətən həsrəti çəkən xalqın özünümüdafiə üçün hərəkətə keçdiyi saat. Bəli, düz 30 il öz Vətənində öz torpağına həsrət qalan xalq. Qarabağ Universitetinin açılışı zamanı cənab İlham Əliyev demişdir ki, hər kəs elə bilirdi ki, biz bu işğalla barışacağıq. Hər kəs günü-gündən azadlığa dair ümidlərini itirirdi. Onlara da haqq verirəm, 30 il heç də az bir zaman deyil. Amma biz bu işğalla barışmadıq. İlham Əliyevin də dediyi kimi: “Biz bu işğalla barışmadıq”. Televiziyada bir-birinin ardından qələbə xəbərləri eşidirdik. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 10 noyabr Ağdam, daha sonra Laçın, Kəlbəcər işğaldan azad olundu. Bu xəbərləri eşitdikcə xalq sevincdən coşur, sanki bir bayram edirdi. Xeyli fərrarisi olan erməni döyüşçüləri, ümumilikdə erməni xalqı, bütövlükdə dünya əhalisi Azərbaycan xalqının cəsarətinə, əzmkarlığına heyrət edirdi. Lakin bir gözü gülsə də, digər gözü şəhidinə ağlayırdı xalqımın. Gün-gündən bayraq asılan qapıların, şəhid tabutu gələn evlərin sayı artırdı. Amma o övladlar bir ananın, bir atanın, bir evin övladları deyildilər. Bu övladlar bütöv xalqın, Azərbaycanın övladları idilər. Şəhid tabutları xalq tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə qarşılanırdı. Bəs o xalq kim idi? O xalq təqaüdünü əsgərlərə bağışlayan qoca, pul qabına yığdığı qəpiklərini orduya vermək üçün gələn uşaq, atası dəfn edilərkən bacısının göz yaşını silən qardaş, oğlunun tabutu qarşısında xonça ilə oynayan ana, iki oğlunu bir gündə torpağa tapşırıb “Vətən sağ olsun”,– deyən ata, övladına “ Sən ulduzları sayıb bitirəndə atan gələcək” , – deyə onu ovunduran şəhid yoldaşı və s. və ilaxır. Bu insanlar idi xalq. O xalq ki, yaşından, kimliyindən asılı olmayaraq, könüllü olmaq üçün hərbi komissarlığın qarşısına yığılmışdı.
Sizə bir döyüşdən danışmaq istəyirəm: Dağlıq ərazi, strateji üstünlük düşməndə, odlu, ağır silahlara qarşılıq yüngül silahlar, çiyinlərində də çiyin-çiyinə vuruşduqları silahdaşları. Bu, bir nağıl deyil, həqiqətdir. Həm də Şuşa həqiqəti. Bəs nəticəsi? Nəticəsi də şəhərin ən gözəl yerində dalğalanan Azərbaycan bayrağı! Tarix bəlli, qalib bəlli!
Asiman Əliyeva
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 3-cü kurs tələbəsi