Bu gün:

Tramp İran üzərindən Papa XIV Leonu tənqid edib, Hörmüz boğazında gərginlik artır


ABŞ prezidenti Donald Tramp İranla Pakistanda keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra Tehranın yenidən danışıqlara qayıdıb-qayıtmamasının onun üçün əhəmiyyət daşımadığını bildirib.

ABŞ Prezidenti Donald Tramp, 11 aprel 2026-cı il, Mayami şəhərində keçirilən tədbirdə iştirak edir

Daha sonra sosial şəbəkədə etdiyi paylaşımda Tramp İranın nüvə məsələsinə münasibət fonunda Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo-nu sərt tənqid edib. O, “İranın nüvə silahına sahib olmasını problem hesab etməyən bir Papa istəmirəm” ifadələrini işlədib.

Papa XIV Leo

Qeyd edək ki, Papa XIV Leo ötən həftə Trampın mümkün qlobal fəlakət barədə səsləndirdiyi fikirləri tənqid edib. Trampın açıqlamalarına cavab olaraq, Papa onunla polemikaya girmək niyyətində olmadığını bildirib və əsas mesajının dəyişmədiyini vurğulayıb: “sülhün təşviqi”. O, eyni zamanda beynəlxalq ictimaiyyəti müharibə ritorikasına son qoymağa çağırıb.

Tramp isə öz növbəsində Papaya qarşı ittihamlarını davam etdirərək onu cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə uğursuz olmaqda günahlandırıb.

Digər tərəfdən, ABŞ və İran nümayəndə heyətləri həftəsonu Pakistanda ilk dəfə bir araya gəlsə də, 21 saat davam edən danışıqlar razılaşma ilə nəticələnməyib. İranın xarici işlər naziri Abbas Araqçi danışıqlarda razılaşmaya yaxın olduqları halda ABŞ tərəfinin dəyişkən və maksimalist tələblər irəli sürdüyünü bildirib.

Tramp isə danışıqların ümumilikdə müsbət keçdiyini desə də, əsas məsələ olan nüvə proqramı üzrə razılıq əldə olunmadığını vurğulayıb.

Gərginlik fonunda ABŞ administrasiyası Hörmüz boğazında abluka tətbiqinə hazırlaşır. Tramp ABŞ donanmasına İranın boğazda yerləşdirdiyi ehtimal olunan minaların zərərsizləşdirilməsi və müəyyən gəmilərin saxlanılması ilə bağlı göstəriş verdiyini açıqlayıb.

Bu addım beynəlxalq hüquq mütəxəssisləri tərəfindən tənqid olunur. Onların fikrincə, belə bir abluka beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirilə bilər və mövcud atəşkəs rejimini də təhlükə altına qoya bilər.

İran tərəfi isə hərbi gəmilərin boğaza yaxınlaşmasının atəşkəsin pozulması kimi qiymətləndiriləcəyini və buna sərt cavab veriləcəyini bəyan edib.

Xatırladaq ki, tərəflər arasında 7 aprel tarixində iki həftəlik şərti atəşkəs razılaşması əldə olunub. Lakin son danışıqların uğursuzluğu bu razılaşmanın gələcəyini qeyri-müəyyən edir.

Qlobal enerji təchizatı baxımından strateji əhəmiyyətə malik olan Hörmüz boğazı vasitəsilə dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi daşınır.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et