
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) qalaktikaların sürətini və quruluşunu araşdırmaq üçün başlatdığı X-Şüaları Görüntü və Spektroskopiya Missiyasının (XRISM) ilk müşahidələri aparılıb.
XRISM Yerdən təqribən 62 milyon işıq ili uzaqlıqda olan qara dəliyin əvvəlkilərdən daha ətraflı tədqiqini, həmçinin nəhəng ulduzun “ölümünü” göstərən ulduz qalıqlarının hərəkətini təqdim edib.
Kütləsi Günəşdən təqribən 30 milyon dəfə böyük olan və cazibə qüvvəsi baxımından ətrafına böyük təsir göstərən bu qara dəliyin ətrafında maddənin quruluşu, hərəkəti və temperaturu müşahidə edilmişdir.
Tədqiqatda qara dəlik və təxminən 160 min işıq ili uzaqlıqdakı "N132D" adlı ulduzun qalıqlarında "plazma"nın dominant amil olduğu müəyyən edilib.
Diqqətə çatdırılıb ki, XRISM plazmanın yaydığı yüksək enerjili rentgen şüasını müşahidə etmək üçün idealdır və astronomlara kosmosun ən güclü və təlatümlü bölgələri haqqında yeni anlayış əldə etməyə imkan verir.
XRISM tədqiqatçılarından Matteo Quainazzi etdiyi yazılı şərhdə, yeni müşahidələrin böyük ulduzların həyat prosesinə yeni bir perspektiv təqdim etdiyini, eləcə də qara dəliklərin ətrafdakı maddə ilə əlaqəsini anlamaqda olduğunu qeyd edərək, "Bu yüksək enerjili kainatı araşdırmaq üçün missiyanın qeyri-adi qabiliyyətini nümayiş etdirir",- deyə qiymətləndirmə edib.
Mənbə: ntc.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
