Bu gün:

Qısqanclıq nədir- Psixoloqla "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Fuad Əsədovdur. Psixoloq qısqanclıq hissinin yaranması və səbəb olduğu problemlərdən danışıb. 

-Qısqanclıq hissi necə yaranır və ondan qurtulmaq üçün hansı üsullardan istifadə etməliyik?


-Xüsusilə, sevgi münasibətlərində qısqanclıq hissinin açıqlamasını " insanın sevdiyi şəxsi başqaları ilə paylaşmaması" kimi verə bilərik. Bu hissin yaranmasının təkamül psixologiyası cəhətdən açıqlaması var ki, bütün canlıların ən böyük instinkti çoxalma instinktidir. Bütün canlılar kimi insanlar da yeni fərd dünyaya gətirmək istəyirlər. Fərdin dünyaya gəlib həyatda qalması üçün hər iki valideynin onun uşaq yaşlarından qayğısına qalıb qulluq etməsi lazımdır. Bu, müəyyən yaşa qədər davam edir. Hər iki valideynin diqqətinin olması üçün onların bir-birinə sadiqliyi önəmlidir. Bundan başqa, valideynlər uşaqları üçün əziyyət çəkirlər və sevdiklərini digərləri ilə paylaşmaq istəmirlər. Beləliklə, ulu babalarımızdan bu günə qədər qısqanclıq hissi aktual mövzu olaraq qalır. Hazırda o dövrdən fərqli olaraq bizim qısqanclıq hissinə yüklədiyimiz məna daha çox mənəvi dəyər anlayışları, xüsusilə, ailə, sədaqət yönümlüdür. Bu hiss bir çox hallarda potoloji, hətta paranoya səviyyəsinə qədər çıxa bilir. "Sağlam" qısqanclıq müəyyən situasiyalarda baş verən narahatlıq kimi götürülsə də, şübhə, güvənsizlik halları insanın özünə və münasibətinə ciddi zərər vura bilər. Bunu aradan qaldırmaq üçün güvənsizliyin qaynaqlandığı səbəbi tapmaq lazımdır ki, bu uşaqlıqdan və ya hər hansı bir travmadan qaynaqlana bilər. Cütlüklərdə belə hal yaşanarsa, aradan qaldırmaq üçün cütlük terapiyasına və ya qısqanan şəxs fərdi terapiyaya gedə bilər. Bu situasiyaların həllində, əsasən, " Bütün insanlar güvənilməzdir" kimi inancların və düşüncələrin dəyişdirilməsinə fokuslanmaq lazımdır.

Aytən Babaşova 

Paylaş
Şərh əlavə et