Bu gün:

Azərbaycanda fotoqrafiya tədrisi- "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı fotoqraf Rasim Sarıdır. O, Azərbaycanda fotoqrafiya üçün öyrətim məsələlərini qiymətləndirib. 

-Azərbaycanda fotoqrafiya üçün öyrətim məsələlərini necə qiymətləndirirsiniz?

-Azərbaycanda fotoqrafiya üçün gedə biləcəyiniz hər hansı bir təhsil yeri yoxdur. Azərbaycanda fotoqrafiya fotoqrafların bir neçə günlük master-klaslarında iştirak edərək, internet üzərindən, yaxud bir fotoqrafın yanında müəyyən müddət işləyərək, studiyalarda çalışaraq öyrənilə bilər. Bəzi fotoqraflar daha şanslıdırlar ki, onlar xaricdə keçirilən master-klaslarda iştirak edib nəsə öyrənə bilirlər. Azərbaycanda barmaqla sayılacaq qədər yox, daha çox fotoqrafın master-klass keçirməsi lazımdır. Gənclərə də ən azından istədiyi fotoqrafın master-klassında iştirak edə bilmək  şansı verilməlidir. Bizdə bəzi studiya və fotoqraflar master-klaslar təşkil etsə belə, bəzən qiymət məsələlərində problem yaşanır, bəzən də fotoqrafın özü yetərli biliyə sahib olmasa belə master-klass keçirir. Lakin bəzi studiyalar, həqiqətən də, bacarıqlı fotoqrafları cəlb edərək yeni fotoqraf olmaq istəyənlərə kömək etməyə çalışırlar. Azərbaycanda əsas problemlərdən biri də maliyyədir. Gənclər fotoaparat almaq istəsə belə, qiyməti onlara uyğun olmur və məcbur olub fotoaparat almadan bu işi görüb sonra fotoaparat almaq istəyirlər. Lakin minimal büdcə ilə kiçik fotoaparat alıb sonradan çalışaraq daha professional fotoaparatlarla işləmələri daha məqsədəuyğundur.

Aydan Qasımova

Paylaş
Şərh əlavə et