Bu gil lövhədəki 2600-2900 illik xəritə babillilərin min illər əvvəl dünyaya necə baxdıqlarına nadir bir nəzər salır.

Təxminən eramızdan əvvəl 6-cı əsrə aid olan və bugünkü İraqın sərhədləri daxilində qədim Babil şəhəri Əbu Həbbədə (Sippar) tapılan bu lövhə məlum olan ən qədim dünya xəritəsidir.
Sözügedən lövhə min illər əvvəl babillilərin dünyanı necə qəbul etdiklərini ortaya qoyan detallarla doludur. Məsələn, qədim dünya tək disk kimi təsvir edilib və “Acı çay” adlı su halqası ilə əhatə olunub. Dünyanın mərkəzində Fərat çayı və qədim Mesopotamiyanın ürəyi olan Babil şəhəri yerləşir. Lövhədəki bölgələrin adları xəritədə qədim yazı növü olan mixi yazı ilə göstərilib.
Xəritənin arxasında "nagu" kimi tanınan səkkiz xarici bölgənin qısa təsviri ilə daha çox mətn var.
Hündürlüyü 12,2 sm və eni 8,2 sm olan lövhə hazırda Britaniya Muzeyinin daimi kolleksiyasının bir hissəsidir.
Bu qədim dünya xəritəsi babillilərin dünyaya necə baxdıqlarına dair dəyərli perspektiv təqdim etməklə yanaşı, o dövrün coğrafi və mifoloji anlayışlarına da işıq salır.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
