Bu gün:

Qeydə alınmış ən yüksək dalğa neçə metrdir?


Dənizlərdə və okeanlarda dalğaların əsas mənbəyi küləkdir. Dalğalar, enerjilərini azaldacaq heç bir maneə ilə qarşılaşmasalar, bütün okean hövzəsini keçmək potensialına malikdirlər. Dalğalar okeanın o tayından su deyil, enerji nəql edir. Bəs indiyə qədər qeydə alınmış ən böyük dalğanın hündürlüyünü heç düşünmüsünüzmü?

Okeanlarda və dənizlərdə meydana gələn böyük dalğalar üçün istifadə etdiyimiz “sunami” sözü yapon dilində “liman dalğası” deməkdir. Okean və dəniz diblərində zəlzələlər, vulkan püskürmələri və əlaqədar torpaq sürüşmələri kimi tektonik hadisələr nəticəsində suya ötürülən enerjinin yaratdığı sunamilərin sürəti saatda 900 km-i keçə bilər. Müqayisə üçün qeyd edək ki, bu sürət reaktiv təyyarənin gedə biləcəyi sürətdir. Sunami dalğaları dənizin dərin hissələrində çox hiss olunmur, lakin dayaz sahillərə çatdıqda bu dalğalar dağıdıcı təsirlərə malik ola bilər. Sunamilərin təxminən 80%-i Sakit Okeanda baş verir. Çünki dünyada baş verən zəlzələlərin 90%-dən çoxu aktiv tektonik rayonların əmələ gətirdiyi “Sakit okean od halqası” adlı zonada baş verir.

Meqatsunami sözü sunami dalğalarından daha böyük amplitudalı dalğalara aiddir. Meqatsunamilər adətən suyun yaxınlığında vulkan püskürməsi, nəhəng sürüşmələr və ya nəhəng asteroidlərin dənizə çırpılması nəticəsində baş verir.

Dünya tarixində qeydə alınan ən böyük sunami 1958-ci ildə Alyaskanın Lituya körfəzində baş verib. Bu meqatsunami, Alyaskadakı Fairweather qırıqlığının seysmik hərəkəti nəticəsində yaranan 7,7 bal gücündə zəlzələ nəticəsində baş verib. 90 milyon ton ağırlığında, həcmi 40 milyon kubmetr olan qayaların və buzların Lituya körfəzinə düşməsi 524 metr hündürlüyə çatan su dalğasına səbəb olub. Bu hündürlük Nyu Yorkdakı Empire State Building-dən təxminən 144 metr yüksəkdir. Sahildəki demək olar ki, bütün ağacları kökündən qoparan bu meqasunami əhalinin çox az olduğu ərazidə baş verdiyi üçün cəmi 5 nəfərin ölümünə səbəb olub.

Mənbə: bilim tubitak
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et