Bu gün:

Neolit ​​kütləvi qəbirləri


Fransada 800 il istifadə edilən Neolit qəbiristanlığında dəfn edilənlərin demək olar ki, hamısı qədim DNT-yə görə kişidir və böyük ölçüdə qohumdur. Dəfn yerində tapılan insan qalıqlarının DNT analizi dəfn edilən kişilərin əksəriyyətinin ata nəslini paylaşdığını ortaya qoyub.

Skeletlərdən götürülən DNT, Fransada 800 ildir kütləvi məzarlıqda basdırılan Neolit dövrü insanlarının çoxunun eyni kişi nəslinə aid olduğunu ortaya qoyub. Bu nəticələr 5000 il əvvəl cəmiyyətlərdə sosial quruluşda ata soyunun əhəmiyyətini vurğulayır. Tədqiqatçılar bu icmalarda patriarxal nizamın hökm sürdüyünü bildirirlər.

Fransanın cənubundakı əhəngdaşı mağarası olan Aven de la Boucle'də yerləşən məzarda əksəriyyəti yetkin olan təxminən 75 nəfərin qalıqları var idi. Tədqiqatçılar bu fərdlərdən 37-nin genomlarını təhlil ediblər və radiokarbon onların sümüklərinə tarix verib. Sümüklər məzarlıq ərazisinə səpələnib. Tədqiqatçılar eramızdan əvvəl 3600-2800-cü illər arasında insanların dəfələrlə bu türbədə dəfn edildiyini və qəbiristanlığın 76 faizinin kişilərdən ibarət olduğunu aşkar ediblər. Bu kişilərin əksəriyyəti Y xromosomu vasitəsilə kişilər arasında ötürülən G2 adlanan eyni ata nəslinə mənsub idi.

Bu tapıntı sosial statusun ata nəslindən keçdiyini və bu əlaqənin kişilərin qadınlardan daha çox bu qəbiristanlıqda dəfn edilməsinə səbəb olduğunu göstərir.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et