Bu gün:

“Tənha qadınların sosial fəallığının artırılması” layihəsi keçirilib


Damla Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən “Tənha qadınların sosial fəallığının artırılması” layihəsi keçirilib.


Layihənin çərçivəsində təlimlər iyul ayı ərzində ölkə üzrə 3 fərqli regionda, ümumilikdə, 40-dan çox tənha qadınlarla birgə həyata keçirilib. Lənkəran, Qəbələ və Zaqatala rayonunda məskunlaşmış qadın benefisiarlar üçün layihə işi təşkil edilib.


Layihə müddətində ilk gün iştirakçı qadınların təlimlərə adaptasiyası, onların şəbəkələşməsini təmin etmək, həmçinin öz problemlərini, qarşılaşdıqları çətinliklər haqqında danışmaq və emosional narahatlıqlarını aradan qaldırmaq üçün psixoloqla kollektiv görüşlər baş tutub, psixoloq iştirakçıları analiz edərək onlara fərdi məsləhətlər verib. İştirakçıların ünsiyyət bacarıqlarının inkişafı, sosial fəallıqlarının artırılması istiqamətində müxtəlif komanda işləri və maarifləndirici video çarxlar izlənilib.


 Təlimlərin ikinci günü iştirakçılar potensialların üzə çıxarılması, qadınların liderlik bacarıqlarının artırılması, idarəetmə və bu kimi yumşaq bacarıqlarla bağlı təlimlərdə iştirak ediblər. Bununla yanaşı, qadınların sosial rifahının yaxşılaşdırılması üçün potensial sahibkarlıq ideyaları dinlənilib, onların ideyalarını reallaşdırılmaları üçün müxtəlif istiqamətlər müzakirə olunub. 


 Layihənin əsas məqsədi regionlarda yaşayan tənha qadınların cəmiyyətə sosial inteqrasiyasına dəstək olmaq, onların savadlılıq səviyyəsini artırmaq, sahibkarlıq imkanları haqqında məlumatlandırmaqla onların rifahını və sosial-iqtisadi imkanlar barədə məlumatlılıq səviyyəsini artırmaqdır.


Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 
Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et