Rekord temperaturların böyük bir su anbarının qismən qurumasına səbəb olmasından sonra onilliklər boyu su altında qalan Yunan kəndinin xarabalıqları yenidən peyda olub.
Kallio kəndinin sakinləri paytaxt Afinaya su verən Yunanıstanın cənubundakı Mornos bəndinə yol açmaq üçün 40 il əvvəl evlərini tərk etməyə məcbur olublar.
Bununla belə, son aylardakı quraqlıq şəraiti su anbarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu - bir neçə ev və məktəbdən qalanları üzə çıxardı.
Keçmiş sakinin dediyinə görə, Kallio tərk edildikdən sonra kənd ikinci dəfədir ki, görünür. İlk dəfə 1990-cı illərdə başqa bir quraqlıq dövründə oldu.
Afinanın daxil olduğu Attika bölgəsini su ilə təmin edən digər su anbarlarında da suyun səviyyəsində əhəmiyyətli azalma qeydə alınıb.
Su anbarının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Yunanıstan hakimiyyəti bölgədə yaşayan 3,7 milyon insanı suyu israf etməməyə çağırıb.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova