Bu gün:

Kosmetika tələsi: Bu dəfə hədəf auditoriya uşaqlardır


Mütəxəssislər erkən yaşda makiyajın zərərlərini izah ediblər. İndi hətta uşaqlar da qocalma əleyhinə kremlərdən istifadə etsə də, bir çox mənfəətpərəst markaların böyüklər üçün kosmetik məhsulların uşaqlara satışının qarşısını almadığı bildirilir. ABŞ-nin AP xəbər agentliyinin araşdırmasına görə, hətta sosial medianın təsiri altında kosmetikadan asılı olan 8-10 yaşlı uşaqlar belə yaşlanma əleyhinə kremlərdən istifadə edirlər. Araşdırmada 10 yaşlı Scarlettin TikTok və YouTube-da izlədiyi fenomenlər kimi qüsursuz dəriyə sahib olmaq üçün böyüklər üçün kosmetik məhsullar istifadə edərkən dərisinin yaralarla örtüldüyü bildirilib. 

Bildirilib ki, 14 yaşlı Mia Hall ətrafı tərəfindən qəbul olunmaq üçün həftədə aldığı 20 dollar (681 TL) pulu dəriyə qulluq məhsullarına xərcləyir. Mütəxəssislər uşaqların böyüklər üçün kosmetik məhsullardan istifadəsinin dəri üçün bir çox risklər yaratdığı barədə xəbərdarlıq edərkən, gözəllik sənayesinin bu tendensiyadan böyük qazanc əldə etdiyi vurğulanıb. 

NielsonIQ istehlakçı məlumatları şirkətinin məlumatına görə, 2023-cü ildə ABŞ-da apteklərdəki kosmetik dəri məhsullarının 49 faizinin müştəriləri 14 yaşdan kiçik uşaqlar olub. 2024-cü ilin birinci yarısında kosmetika mağazalarında “prestij” gözəllik satışlarının üçdə birinin müştəriləri yeniyetmələr və gənclər olub. AP-nin hesabatında vurğulanıb ki, uşaq müştərilərindən böyük gəlir əldə edən kosmetika sənayesi bəzi məhsulların uşaqlar üçün uyğun olmadığını etiraf edib, lakin onların uşaqlara satılmasının qarşısını almaq üçün heç bir tədbir görməyib. Kosmetik brendlərin böyüklər üçün nəzərdə tutulan məhsullarının uşaqlar üçün uyğun olmadığı barədə xəbərdarlıq etmədiyi də bildirilib. İsveçdəki yeganə apteklər şəbəkəsi Apotek Hjartat, valideyn icazəsi olmadan 15 yaşdan kiçik insanlara dəriyə qulluq məhsulları satmayacağını açıqlayıb. 

ABŞ-ın Kaliforniya ştatında 13 yaşından kiçik uşaqlara qocalma əleyhinə kremlərin satışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilməyib. Sosial medianın təsiri ilə kosmetika burulğanında boğulan uşaqların psixoloji problemləri ilə yanaşı, onların dəriyə olan zərərləri də belə izah edilib: “Retinol, hidroksid turşuları kimi kimyəvi pilinqlər sərt xarakter daşıyır. Onlar qocalmış dəridə kollagen və hüceyrə istehsalını stimullaşdırmaq üçün istifadə olunur. Gənc və həssas dərilərdə istifadə edildikdə, onlar infeksiyaya, sızanaqlara, qızartılara, soyulmaya və yanmağa səbəb ola bilər. Uşağın dərisi üçün yalnız üç keyfiyyətli məhsula ehtiyacı var: yumşaq təmizləyici, nəmləndirici və günəşdən qoruyucu".


Mənbə: CNN türk

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et