Bu gün:

Media savadlılığı- “1 sual, 1 cavab”


24media.az -ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Vəfa İsgəndərovadır. O, Azərbaycanda media savadlılığı haqda danışıb.


-Azərbaycanda media savadlılığının mövcud vəziyyəti necədir və dəyişim üçün nələr lazımdır?


-Media savadlılığının əvvəlki illərə nisbətən indiki vəziyyətini normal qiymətləndirirəm. Hazırda bir sıra təşkilatlar, media agentlikləri, müxtəlif media qurumları, universitetlər media savadlılığı ilə bağlı təlimlər keçirdirlər. Eyni zamanda, ali təhsil müəssilərində müxtəlif ixtisaslarda media savadlılığı dərsləri keçirilir. Jurnalistika fakültəsinin bakalavr və magistr dərəcələrində media savadlılığı dərsləri keçirilir. Hətta Elm və Təhsil Nazirliyinin nəzarətində olan sabah qruplarında texniki sahələr ilə bağlı fakültələrdə bir neçə il media savadlılığı dərsləri keçirilmişdir. Əhalinin müxtəlif seqmentləri arasında aparılan təbliğat, müxtəlif seminarlar, müxtəlif təlimlər insanlarda media savadlılığının yüksəlməsinə təsir edir. Mən özüm də media savadlılığı ilə əlaqədar müəyyən qədər konfraslarda, tədbirlərdə iştirak edirəm. Eyni zamanda, mən media savadlılığı təlimləri keçirirəm. Biz medianın kommunikasiya vasitələrinin gələcəyini proqnozlaşdıra bilmirik. Bu baxımdan medianın gələcəyi texnikadan asılıdır desək, yanılmarıq. Rəqəmsal platformaların, daha yeni texniki vasitələrin meydana gəlməsi medianın kontentinə təsir edir. Mən təklif edərdim ki, media sahəsi üzrə çalışan peşəkarlar medianın inkişafı ilə bərabər şəkildə onun özəlliklərini öyrənsinlər və hər zaman media savadlılığı dərslərinin keçirilməsində faydalı olsunlar. Mənim fikrimcə, media savadlılığı dərsləri Jurnalsitika təhsili olan, media ixtisasına sahib olan həm praktiki, həm də nəzəri cəhətdən bilikli insanlar tərəfindən keçirilsə, daha yaxşı olar. Çünki onlar medianı daha yaxşı duyurlar və insanlara hansı informasiyanın lazım olduğunu daha yaxşı hiss edirlər. Dəyişim üçün vacib olan amillərdən biri də odur ki, media savadlılığı dərsləri yalnız ali təhsil müəssilərində deyil, orta məktəblərdə də keçirilməlidir. Bu fikir müxtəlif qurumlar tərəfindən Elm və Təhsil Nazirliyinə təklif olaraq irəli sürülüb. İstəyərdik ki, media savadlılığı dərsləri nəinki orta məktəblərin yuxarı sinif şagirdləri, eyni zamanda, ibtidai sinif şagirdləri üçün keçirilsin. Onlar müəyyən mənada medianın nə olduğunu öz yaş səviyyələrinə, təhsil səviyyələrinə,  dünyagörüşlərinə uyğun formada dərk etsələr, yaxşı olar.


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et