Bu gün:

Televiziyalarda media etikasına nəzarətin tənzimlənməsi- "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Media eksperti, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlidir. O, media etikasına nəzarətlə bağlı sualımızı cavablayıb.

-Azərbaycan televiziyalarında media etikasına nəzarət və etik qaydalar necə tənzimlənir?

- Televiziya aparıcısı ümumi anlayışdır. Aparıcı müxtəlif rakurslarda özünü göstərir. Tamaşaçılar arasında ən çox narazılıq studiyaya qonaq dəvət etmiş, lakin qonağı danışmağa, fikrini söyləməyə imkan verməyən, bəzən qeyri-etik davranışlar göstərən aparıcılardır. Əgər verilişin janrından, məqsədindən asılı olmayaraq proqrama dəvət olunmuş qonağa danışmaq imkanı verilmirsə, bu aparıcının qüsurudur. Studiyaya qonaq informasiya daşıyıcısı olduğu üçün, tamaşaçıya maraqlı olduğu və danışacağı məsələləri yaxşı bildiyinə görə dəvət olunur. Bu hallarda imkan daxilində aparıcı qonağın sözünü kəsməməlidir. Əlbəttə, əks halda aparıcı söhbətin strukturunu, mövzusunu ya yaxşı bilmir, ya da,  ümumiyyətlə, qonaqla əvvəlcədən söhbətin mövzusu, xronometrajı, davamiyyəti müəyyənləşdirilmir. Ona görə də belə qeyri-etik situasiyalar ortaya çıxır. Aparıcının vəzifəsi nə olmalıdırsa onu dəqiqliyi ilə prodüser, rejissor, redaktor əvvəlcədən müəyyənləşdirməlidir. Aparıcı öz fikrini hər zaman özündə saxlamalıdır. Öz fikrini başqalarına təlqin etməməlidir. Aparıcıların ciddi nöqsanlarından biri studiyada haqqında danışdığı mövzunu, predmeti yaxşı bilməməsidir. Verdiyi suallardan da məlum olur ki, mövzuya nə dərəcədə hakimdir. Aparıcının elan etdiyi mövzu ilə bağlı ən azı orta dərəcədə məlumatı olmalıdır. Bütün bunların hər biri müasir aparıcı anlayışını ortaya çıxarır. Müasir aparıcı intellektual, səmimi, etik qaydalara riayət edən şəxsdir. Bütün bu aspektləri yaddan çıxaran zaman, əlbəttə, aparıcı ciddi səhvlər edəcək. Audiovizual şura heç zaman belə məsələlərə müdaxilə edə bilməz. Bunların hər biri yaradıcılıq məsələləridir.

Fidan Əlizadə

Paylaş
Şərh əlavə et