Bu gün:

"Formula 1-də 2026-cı il reqlamentində ciddi yeniliklər olacaq"


24Media.az-ın növbəti müsahibi Formula 1-in Azərbaycada şərhçisi, Bakı qran-prisinin səfiri Rəhim Əliyevdir. O Formula 1-in tətildən sonrakı vəziyyəti ilə bağlı suallarımızı cavablandırıb.


-Hazırkı Formula 1 mövsümünü necə dəyərləndirirsiniz? Sizcə, əsas rəqiblər kimlərdir, hansı sürücü bu il çempion olmaq şansına malikdir?


Hazırda yay tətilidir, bu həftəsonu yarışlar başlayır və sadəcə 14 yarış qalıb. İlk 7 yarışda Maks Verstappenin ciddi üstünlüyü var idi. Həm avtomobil, həm də öz bacarıqları sayəsində əlçatmaz, sürətli idilər. Bu göstəricilərə əsasən insanlar düşünür ki, Maksın 4-cü titulu artıq "cibindədir". Sonrakı 7 yarışda gördük ki, bu belə deyil. Rəqiblər ilk 7 yarışı yoxlamalar, testlər etdikdən sonra sürətlərini artırdılar, müəyyən traslarda Redbull'un sürətinə çatdılar hətta ondan daha sürətli olmağı bacardılar. Biz artıq digər sürücülərin podyumlarını, qələbələrini gördük və Redbull sürücülərinin qələbəsizliklər seriyasını izlədik. Bu isə 2021-ci ildən bu yana ən uzun qələbəsizlik seriyasıdır. 


Qarşıda bizi 10 yarış gözləyir, temp çox qeyri-müəyyəndir. Əvvəl belə düşünürdük ki, yarış başlamazdan əvvəl hansı mövqedən başlamasına baxmayaraq Maks qalib olacaq. İndi belə deyil, Maks artıq birinci yerdən başlayanda belə biz düşünürük ki, görəsən qalib kim olacaq. Maks birmənalı şəkildə favorit deyil. Cəmi iki yarışdan sonra Azərbaycan yarışı gəlir. Əlbəttə, bu qeyri-müəyyənlik bizim yarış üçün də keçərlidir. Bu ancaq bizim üçün yox, ümumiyyətlə, mövsümün gələcək 10 yarışına maraq qatır. Son illərin bir tərəfli mübarizəsini götürəndə bu mövsümü həddindən artıq maraqlı dəyərləndirmək olar. İlk 7 yarışda Maks Verstappenin üstünlüyü olsa da, artıq bu üstünlük yoxdur. Əlbəttə, bu yay tətili ərzində Redbull'un mühəndisləri avtomobili inkişaf etdiriblər, komandaların tətildən sonra necə qayıdacağı maraqlıdır. Ümid edirəm ki, 4 komandanın sürücülərinin mübarizəsi mövsüm sonuna qədər davam edəcək və biz qalibi son illərdə öyrəşdiyimiz kimi mövsümün ortasında yox, sonuncu yarışda biləcəyik.


-Hansı komandanın texniki heyəti sizə daha təsirli görünür, onların hansı innovasiyaları, xüsusilə, diqqətəlayiqdir?


Bu reqlament bir neçə ildir ki təsdiq olunub. Ona görə texniki heyətdə inqilabi bir yenilik gətirmək gözlənilmir. Xüsusən, nəzərə alsaq ki, gələn mövsüm bu reqlamentin son mövsümü olacaq və 2026-cı ildən motor reqlamentin, maşınların aerodinamik reqlamentinin ciddi sürətdə radikal yeniliyi gözlənilir. Hazırda komandalar həmin mövsüm üçün hazırlaşırlar sadəcə indi mövsümdən mövsümə avtomobilin mənfiliklərini aradan qaldırırlar. Keçən il Redbull mövsümün 22 yarışından 21-ni qazandı. Ona görə də hamı əmin idi ki, bu mövsüm Redbull'un üstünlüyü davam edəcək. Keçən il onların üstünlüyünün əsas səbəbi o idi ki, Redbull inkişaf istiqamətini düzgün seçib. Onlar maşını düzgün istiqamətdə qurmuşdularsa, rəqibləri əksinə geriyə addım atıblar. Bu mövsüm isə inkişafın sonuna çatıblar, lakin rəqiblər hələ də inkişaf edə bilirlər. Məhz ona görə də, onlar gəldilər və Redbull-a çatdılar.  


Formula 1 maşını bizim gördüyümüz "aysberq"-in üstüdür. Onun bütün sürəti içindədir, elə kiçik elementlər var ki, onu gözlə görmək olmur. Hətta motor qapağının altında havanın dövr etməsi belə maşının sürətinə təsir edə bilər. Xüsusən də, son illərdə tətbiq olunan altlıq effekti var. Maşının kənarlarından altını görmək mümkün deyil. Qəza zamanı, xüsusən, Monakoda maşını qaldıranda rəqiblər görürlər ki, mühəndislər altlıqda nələr fikirləşirmiş? Adicə Venturi kanallarının düzgün təyin edilməməsi, düzgün işləməməsi maşının sürət itirməsinə səbəb olur. 

Bütün bu yeniliklər tətbiq olunur, adicə əyləc kanalları belə maşının sürətinə təsir edə bilir. Kanalları adi gözlə görmək mümkün deyil. Rəqiblər bunun üçün xüsusi adamlar tutur, qarajın qarşısında saatlarla gözləyirlər ki, düzgün rakurs olsun, o elementləri görsünlər, çəksinlər, özlərində analiz edib maşınlarına tətbiq etsinlər. Hər il çoxlu söhbətlər gəzir ki, filan maşının sürətinin səbəbi nədir? Məsələn McLaren komandasını görürük ki, son 7 yarışda həddindən artıq inkişaf edib, amma düşünürük ki, onların ön qanadları çox elastik idi. Elastikliyini reqlament müəyyən edir, bəzi nöqtələr var qanadın üzərində həmin nöqtələrdə müəyyən çəkidə yük asılır. 3 əsas nöqtə var, bunların hər birindən 10 kiloqramlıq çəki asırlar və qanadın əyilməsi 1 sm olmalıdır, lakin indi komandalar hiyləgərlik edirlər. Bu cür testləri qanad keçir, amma yarışda olan təzyiq nəticəsində elastik qanad normadan artıq əyilə bilir. Bu elastiklik maşının sürətinin artmasına səbəb olur. Mühəndislər zəka tətbiq etməklə müəyyən üstünlüklər qazanırlar. FİA hər il çalışır ki, yeni reqlamentlə maşınların sürətini aşağı salsın. Yeni qaydalar qüvvədə olanda, həqiqətən də, görürük ki, maşınların sürəti 4-5 saniyə geriləyib. Amma bir neçə il sonra artıq görürük ki, maşınların sürəti əvvəlki səviyyəyə çatıb və əvvəlkindən daha sürətli olanda FİA reqlamentdə dəyişiklik edir. Hər reqlament dəyişikliyi olan ildə bir komanda yüksək üstünlük qazanır. Ona görə də hər kəs 2026-cı ildəki dəyişikliyi maraqla gözləyir. Kim üstünlük qazanacaq? Burada həm aerodinamik, həm də motor yenilənəcək. Köhnə illərdə isə bu ikisindən yalnız biri yenilənirdi.


-Azərbaycan, Bakı qran-prisindən gözləntiləriniz nələrdir, sizcə, qalib kim olacaq?


Bizim yarış mövsümün ikinci yarısı başlayır. Niderland yarışı və İtaliya gridindən sonra bizim yarışdır. Bu iki yarışdan sonra biz biləcəyik ki, mövsümün ikinci yarısına komandalar nə formada gəliblər. Bizim yarış həm Niderland həm də, Monza yarışından fərqlənəcək. Səbəb odur ki, Niderland yarışı həddindən artıq yavaş, Monza isə çox sürətli yarışdır. Biri ancaq döngələrdən, digəri isə düzlükdən ibarətdir. Bizim yarış isə həm düzlük, həm də 90 dərəcəlik döngələrdən ibarətdir. Üçüncü sektor, yəni düzlük olan hissə formula 1 təqvimində ən böyük düzlükdür. Trasda maşınları sazlamaq daha çətin olacaq. Mühəndislər kompromis axtarmalı olacaqlar. Cümə və şənbə sürüşlərində seçim etməlidirlər ki, maşını hansı hissə üçün sazlasınlar. Düzdür, adətən üstünlüyü düzlüyə verirlər. Çünki ötməyə imkan verən yeganə hissə oradır. Əlbəttə ki, mühəndislərin işi çox olacaq, sərbəst sürüşlərdə çox işləməli olacaqlar. Aşkar favoriti demək çox çətindir. Əvvəlki illərdən fərqli olaraq, Mercedes, McLaren sürücülərinin hər ikisi ola bilər, Ferrarinin hər iki sürücüsü qələbəyə namizəd ola bilər. Son iki ilin yarışı kifayət qədər maraqsız alınırdı. Biz ümid edirik ki, bu dəfə belə olmayacaq, sürücülər bizi darıxmağa qoymayacaq.


Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et