Bu gün:

Azərbaycanda gediş haqları - Aslan Əsədovla "1 sual, 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovdur. O, Azərbaycanda nəqliyyat vasitələrində mövcud olan gediş haqları barədə sualımızı cavablandırıb.

- Azərbaycanda nəqliyyatdakı gediş haqları barədə nə düşünürsünüz, gediş haqları yenidən qaldırıla bilərmi?

- Nəqliyyatda gediş haqqı mövzusu daim aktual bir mövzudur. Çünki bu, sərnişindaşımanın ən aparıcı və həssas bir növüdür. Ona görə ki, sahibkarlar bununla bağlı mütəmadi olaraq öz təkliflərini və istəklərini bildirirlər. Əsas məsələ isə gediş haqlarının onları qane etməməsi və gəlirlərlə bağlı məsələdir. Bu nöqteyi-nəzərdən şəhərdaxili daşımalarda, həmçinin ən çox tıxac rast gəlinən küçə və prospektlərdə hərəkət edən müntəzəm marşrutların sahibkarları bununla bağlı öz mövqelərini ortaya qoyurlar. Mən isə deyərdim ki, elə bir tənzimləmə metodu seçilməlidir ki, qiymətlər stabil qalsın. Onu qeyd edim ki, qiymətlərin yenidən artırılacağı şayiəsi hələki real deyil, dövlət subsidiyalara önəm verəcək.

Bir vaxtlar sərnişindaşıma ilə məşğul olan şirkətlərə subsidiya təqdim olunurdu və dövlət tərəfindən güzəştli paketlər və layihələr həyata keçirilirdi, bu da bir zamanlar sərnişindaşımada ucuz tariflərin tətbiq edilməsinə, həm də qiymətlərin stabil qalmasına xidmət edirdi.

Bununla bağlı son vaxtlar müxtəlif şirkətlər və sahibkarlar dövlətə təqdimat yazıb göndərirlər, dövlət qarşısında qiymət tənzimlənməsi barəsində "xahiş" də edirlər. Mən düşünürəm ki, gediş haqlarının tətbiq edilməsinin ən yaxşı yolu qiymətləri artırmaq yox, subsidiyaların daha çox təmin olunması, onların daha geniş və əlçatan təqdim edilməsindədir.

24media.az xatırladır ki, Tarif Şurasının 31 yanvar 2023-cü ildə qəbul etdiyi qərara əsasən, nəqliyyat vasitələrində - metro və avtobuslarda gediş haqqı 10 qəpik artırılıb. 

Şura nəqliyyat şirkətlərinin təkliflərini müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik, müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik - 1 manat arası, müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik, Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında isə tarifi 60 qəpik səviyyəsində  müəyyənləşdirmişdi.

Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et