Bu gün:

Tarixdə ilk köpəkbalığı hücumunun qurbanı kimdir?


Arxeoloji qeydlərdə insanları hədəf alan köpəkbalığı hücumlarının sübutu olduqca nadirdir. Məhz buna görə də 2021-ci ildə Yaponiyada 3000 illik qurbanlıq hekayəsi dərc olunanda böyük marağa səbəb oldu. O zaman bu qurbanın köpəkbalığı hücumunun qeydə alınmış ən erkən hadisəsi olduğu düşünülürdü. Lakin araşdırma dərc edildikdən qısa müddət sonra digər tədqiqatçılar 6000 il əvvələ aid olan və daha da köhnə ola biləcək bir hadisə aşkar etdilər.

Təxminən 3000 il əvvəl, eramızdan əvvəl 1370-1010-cu illər arasında Yaponiya arxipelaqındakı Seto daxili dənizində balıq tutarkən bir adam böyük köpəkbalığının hücumuna məruz qalmışdır. O, dostları tərəfindən xilas edilsə də, kişi ağır xəsarətlər alıb. Onun bədənində, əsasən, qollarında, ayaqlarında, döş qəfəsinin və qarnının ön hissəsində yerləşən ən azı 790 dərin, kələ-kötür yara var idi. Ölümündən sonra, bu şəxs 20-ci əsrin əvvəllərində qazılmış Tsukumo Shell Pile məzarlığı kimi tanınan icmasının qəbiristanlığında dəfn edildi. Uzun müddətdir ki, adamın qalıqları tədqiqatçıları çaşdırıb, kiminsə daş alətlərdən istifadə edərək başqa bir insandan bu qədər geniş və müxtəlif xəsarətlər almasının necə mümkün olduğunu başa düşə bilməyib.

Bununla belə,Yaponiyada tarixdən əvvəlki zorakılığı araşdıran daha böyük bir layihənin bir hissəsi kimi skeletin əlavə tədqiqi tədqiqatçılara mümkün səbəbləri araşdırmaq imkanı verdi. Oksford Universitetindən J. Alyssa White-ın rəhbərlik etdiyi komanda, sümüklərdəki zədələrin müasir və arxeoloji qalıqlarda tapılan köpəkbalığı hücumu qurbanlarının hesabatlarına çox oxşar olduğunu qeyd etdi.

Florida Köpəkbalığı Tədqiqat Proqramının fəxri direktoru George Burgess ilə işləyən komanda yapon fərdinin taleyini canlandıra bildi. "Xəsarətləri nəzərə alsaq, o, aydın şəkildə köpək balığının hücumunun qurbanı olub" dedilər. Həmin şəxs çox güman ki, hücum zamanı dostları ilə balıq tuturdu, çünki o, tezliklə xilas edilib. "Diş izlərinin xarakterinə və yayılmasına əsaslanaraq, bu hücuma səbəb olan növün çox güman ki, pələng köpəkbalığı və ya böyük ağ köpəkbalığı olduğu qənaətinə gəldik" dedilər.

“24 nömrəli şəxs” kimi tanınan qurban Yaponiyanın yarı oturaq Neolit Comon xalqına mənsub idi. Bu insanlar tez-tez açıq yerlərin ətrafında düzülmüş çuxur evlərində yaşayırdılar. Bu ovçu-toplayıcı icma dəniz ehtiyatlarından geniş istifadə etməsi ilə tanınırdı.

Mənbə: Arkeofili.com

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et