Bu gün:

Tarixdə ən qədim insan məzarı hansıdır?


İnsanların ölümlə uzun və mürəkkəb bir əlaqəsi var, bəs biz ölülərimizi tam olaraq nə vaxt basdırmağa başladıq? Bəşəriyyət təkamülümüzün hansı mərhələsində ölüm anlayışı ilə qarşılaşmağa və ölümümüzü məzarlarla qeyd etməyə başladı? Zaman səyahətçisi olmadan dəqiq bir şey söyləmək çətindir, lakin erkən insan dəfnlərinin arxeologiyası bizə çox şey öyrədə bilər.

Qəsdən dəfnlərə dair ən erkən sübutlardan bəziləri İsraildəki Qafzeh mağarasından gəlir. Bu mağarada on minlərlə illik 25 insan məzarlığı var. Burada tapılan onlarla qəbir əşyaları, məsələn, qırmızı oxra ilə boyanmış dəniz qabıqları və qalıqları bu cəsədlərin qəsdən basdırıldığına dair geniş yayılmış inancı dəstəkləyir. 1993-cü ildə edilən bir araşdırmaya görə, skeletlərin ən qədimi ən azı 100.000 il əvvələ aiddir, lakin digər sənədlər onun 130.000 ilə qədər köhnə ola biləcəyini göstərir. Üst Paleolit Dövründən (təxminən 50.000-12.000 il əvvəl) daha erkən olduğu üçün bu tarix təəccüblü hesab edilə bilər. Çünki bu dövr insan davranışının mücərrəd düşüncə, simvolik davranış və texnoloji inkişaflar şəklində əhəmiyyətli dərəcədə mürəkkəbləşdiyi bir dövr kimi tanınır.

Qəbirlər ümumiyyətlə sənət əsərləri yaratmaq və şəxsi bəzək əşyaları taxmaq kimi davranışlarla birlikdə "qabaqcıl" davranışlar sinfinə daxildir. Çünki o, mücərrəd anlayışlar, fərdi kimlik və qeyri-müəyyənlikdən xəbərdar olmağa işarə edir. Bununla belə, həqiqət bəlkə də o qədər də aydın deyil.

Qafzeh mağarasındakı qəbirlər Homo sapiensə aid olsa da, ətraf ərazilərdə bizim qardaş növümüz olan Neandertalların öz ölülərini təxminən 120.000 il əvvəl qəsdən basdırdıqlarına dair eyni dərəcədə qədim sübutlar tapa bilərik.

Mənbə: Arkeofili.com

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et