Bu gün:

Muzeyə anonim göndərilən baltaların sirri açıldı


Bu ilin əvvəlində iki Tunc dövrünə aid balta başı müəmmalı paket şəklində İrlandiya Milli Muzeyinə göndərilib.

Artefaktlar haqqında daha çox məlumat əldə etmək ümidi ilə muzey rəsmiləri göndərənə müraciət edərək onu dəvət ediblər.

İndi, bu qəribə hadisədən bir neçə ay sonra, sirr açılıb. Belə ki, 4000 illik bu artefaktlar mərkəzi İrlandiyanın Westmeath County-də bir tarlada tapılıb.

Killucan kəndində əkinçiliklə məşğul olan tarla sahibi Tomas Dunne adlı fermer heyvan yemi üçün ot biçən zaman “Kombayndan polad parçasının çıxdığını hiss etdim” deyir.

"Başqa bir şeyə zərər verəcəyindən qorxduq, ona görə də metal detektoru olan bir oğlan tapdıq və onu axtarmağa getdik"- əlavə edir. “O, balta başlarını fıstıq ağacının altında tapdı. Biz onların köhnə at şumları və ya qırıntı hissələri olduğunu düşündük. Biz eyni şəkildə onları yenidən çuxura ata bilərdik ”

Metal detektordan istifadə edən şəxs əşyaların qeyri-adi olduğunu düşünüb və onları İrlandiya Milli Muzeyinə göndərmək qərarına gəlib. Muzey eksponatları əldə edəndə onların Tunc dövrünə aid olduğunu aşkar edib.

Yastı metal alətlər poçtla gələndə muzey mütəxəssisləri heyrətə gəliblər. Mütəxəssislər artefaktların İrlandiyada erkən Tunc dövrünün başlanmasından bir neçə əsr sonra, eramızdan əvvəl 2150-2000-ci illərə aid olan balta başları olduğunu müəyyən ediblər. Ancaq onlara daha çox məlumat lazım idi. Muzeyin İrlandiya antikvarlarının mühafizəsi üzrə mütəxəssisi Mett Seaver "Bir muzey olaraq, bu erkən Tunc dövrünə aid balta başlarının tapılmasından çox həyəcanlıyıq, lakin bu əşyaların mənasını tam anlamaq üçün onların harada tapıldığını bilməliyik" deyib.

Westmeath-də yerli tarixçi və turist bələdçisi Rut İllinqvort deyir ki, baltalar yaradılan zaman dövrün çox yüksək texnologiyasından istifadə olunub.

"O zaman bu baltaları istehsal edən metal işçiləri başqaları tərəfindən sehrbaz sayılırdı. Bu baltaları düzəldən insanlar mütləq elitanın bir hissəsi idi. Bu, inanılmaz, gözəl sənətkarlıq əsəridir."

İrlandiya qanunlarına görə, hökumətin yazılı icazəsi olmadan detektorla arxeoloji obyektlərin axtarışı qadağan olduğu üçün, Dunneyə  detektorla kömək edən oğlanın kimliyi açıqlanmayıb. Dunne öz sahəsində daha əvvəl belə bir şeylə qarşılaşmadığını və otuz ildən artıqdır ki, eyni tarlada ot biçdiyini bildirib.

“Sadəcə adi yaşıl sahə; onun ətrafında heç bir abidə və ya heç bir şey yoxdur. Mən balta başlarının mənim tarlamdan çıxdığına inana bilmədim" - deyə Dunne bildirib.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et