
Bilirsinizmi, niyə metrolarda oturacaqların düzülüşü avtobuslarda olduğu kimi deyil, uzun cərgələrdə yan-yanadır?
Bu mövzuda bir sıra maraqlı cavablar var. Buna səbəb metroların sərnişinlərin davranışı ilə bağlı araşdırmalara uyğun dizayn edilməsidir. Əvvəla, metrolar, ümumiyyətlə, sıx və sürətli nəqliyyat vasitələri olduğu üçün hər kəsin rahat oturması üçün geniş bir sahə yaratmaq əvəzinə daha çox insanın ayaq üstə səyahət etməsinə üstünlük verilir. Metroda uzun oturacaqlar sərnişinlər arasında hərəkət azadlığını artırır, minmə və düşmə prosesini sürətləndirir. İnsanlar oturacaqlara əyləşmək üçün mübarizə apardıqca, sərf olunan vaxt da artır. Belə olan halda digər sərnişinlərin metroya minməsi üçün tələb olunan vaxt uzanır. Bu səbəbdən oturacaqların yan-yana olması sərfəlidir. Bundan əlavə, metro səfərləri ümumiyyətlə qısamüddətli olur və sərnişinlər adətən bir neçə dayanacaqdan sonra enəcəkləri üçün uzun müddət oturmaq istəməyə bilərlər. Bir sözlə, metrolarda daha çox ayaq üstə yer təklif etmək və sərnişinlərin rahat hərəkət etməsinə şərait yaratmaq daha praktikdir. Avtobuslarla bağlı qaydaları nəzərdən keçirək: Hər iki tərəfdəki oturacaqların cərgələnməsi səbəbindən davamlı olaraq ayağa qalxan və ayaq üstə duran sərnişinlər arasında xaos yaranır. Bu, minmə və düşmə prosesini ləngidir, həmçinin səyahət zamanı narahatlıq yaradır. Nəticədə, deyə bilərik ki, metroların oturacaq seçimi praktikliyi və sürətli çıxışı təmin etmək zərurətindən doğan dizayn seçimidir.
Mənbə: Onedio
Tərcümə etdi: Tahirə Bağırzadə
