Bu gün:

İlıq süd içəndə niyə yuxumuz gəlir?


Yuxu bədənimizin və zehnimizin istirahət etdiyi ən vacib dövrdür. Sağlamlığımız üçün yaxşı bir gecə yuxusu lazımdır. Ancaq bəzilərimiz yuxu problemi yaşayır və yata bilməməkdən şikayətlənirik. Buna görə yaxşı yuxu üçün bir çox üsul var. Bu üsullardan bəziləri; uşaqlıqdan bəri tanış olduğumuz bitki çayları, rahatlaşdırıcı qoxular və ilıq süddür. Bəs, niyə süd bizi yuxuya aparır? Bu mövzuda aparılan araşdırma nəticəsində yeni məlumatlar əldə edilib. 

Süddə triptofan adlı vacib bir amin turşusu var. Triptofan melatonin hormonunun ifrazına təsir edir, beləliklə melatonin bioloji saatımızı tənzimləyir və yatmağımıza kömək edir. Keçmiş tədqiqatlarda südün yuxuya kömək edən xüsusiyyətləri ümumiyyətlə triptofana aid edilirdi, lakin ACS Journal of Agricultural and Food Chemistry jurnalında hesabat verən tədqiqatçılar süddə yuxuya kömək edən yeni maddə aşkar ediblər.

Süddə aşkar edilən bu maddə; kazein, triptik hidrolizat (CTH) adlanan süd peptidlərinin qarışığıdır. Peptid dediyimiz şey əslində bədənimizdəki zülalların tikinti materialı olan bir çox amin turşularının birləşməsindən əmələ gələn üzvi birləşmədir. Tədqiqatçılar daha sonra CTH-nin yuxunu yaxşılaşdıran xüsusi peptidləri ehtiva edib-etmədiyini maraqlandırdılar. Beləliklə, CTH-dəki peptidləri müəyyən etmək üçün bəzi üsullardan istifadə etdilər. Bu peptidlər siçanların yuxu testlərində qiymətləndirilib və YPVEPF adlı peptidin nəzarət qrupu ilə müqayisədə tez yuxuya gedən siçanların sayını təxminən 25% və yuxu müddətini 400%-dən çox artırdığı müşahidə edilib. Yuxunun yüksək səviyyədə yaxşılaşdırılmasını təmin edən bu peptid sayəsində təbii yuxu vasitələrinin istehsalı ideyası gündəmə gəlib.

Nəticədə, inək südündəki kazein adlı zülalın həzm fermenti tripsin ilə işlənməsi CTH kimi tanınan yuxuya kömək edən peptidlərin qarışığını istehsal edir. Bundan əlavə, bu tədqiqat təbii yuxu dərmanlarında istifadə edilə bilən CTH daxilində xüsusi bir peptid müəyyən etdi. Beləliklə, keyfiyyətli yuxuya sahib olmaq istəyirsinizsə, bir stəkan ilıq süd içmək kifayətdir. Bir nəzəriyyəyə görə, ilıq süd uşaqlıqda yatmazdan əvvəl süd içdiyiniz anları xatırladır, beləliklə, sakitləşdirici təsir yaradır və xoşbəxt və rahat yuxuya getməyə imkan verir. 

Mənbə: bilimup.com
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et