Bu gün:

"Nəzm insanın özündən xilas olmasına kömək edir.."-İsmayıl Xanlar


24media.az-ın budəfəki müsahibi  "Füyuzat", "Füzulinin Əlləri", "Bərhəva", "Poetik söhbət", "Məhəccər", "Ehram", "Müəmma", "Əsrar", "Quyu", "Uşaqlığın son şeiri", "Sərsəri", "Luna" şeirlərini yazan, müəllif İsmayıl Xanlardır. Müsahibə ərzində onun yaradıcılıq fəaliyyəti və fikirləri barəsində danışmışıq.


-İsmayıl bəy, biz dinləyicilərinizə məlumdur ki, uzun müddətdir ki, poeziya ilə məşğul olursunuz. Şeir yazmağa necə başladınız və hazırkı şeir üslubunuza çatmaq üçün hansı mərhələlərdən keçdiniz?

-Ümumiyyətlə, şeirlə tanışlığım hər kəs kimi birinci sinifdə olub. "Nə isə yaza bilərəm" düşüncəsinə qapıldığım həmin period, "Ağla, qərənfil, ağla" şeiri ilə başlamışdı. Məncə, elə Z nəslinin poeziya ilə tanışlığı həmin şeirlə olub. Ondan sonra fikirləşdim ki, nəsə yaza bilərəm. Təbii ki, ilk cəhdlərimdə heç nə yaza bilmədim. Üstündən illər keçdikcə yoxlamağa, cəhd eləməyə davam elədim. Ümid edirəm, bu müddətdə bacardım.


-Əlbəttə, bacarmısız ki, indi burdasınız və mənim kimi yüzlərlə dinləyiciniz var. Şeirlərinizi səsləndirməyə və Youtube üzərindən yayımlamağa nə zaman qərar verdiniz, bu prosess necə baş verdi?

-Əvvəllər, ümumiyyətlə, Youtube barəsində düşünmürdüm. Sadəcə, yazırdım və nə zamansa yazdıqlarımı mətbuata verə biləcəyimi düşünürdüm. Şeirlərimi mətbuata verməmişdən əvvəl, kitabım çıxdı. Daha sonra, yazdıqlarımı mətbuata verdim. 


-Kitabınız olduğunu bilmirdim, nə zaman çıxıb, adı nədir?

-Bəli, var. O dönəmdə mənə utancverici gəlsə də, indi o vaxtkı cəsarətimə heyranam. 15 yaşında kitab çıxartmaq.. Böyük bir işdir. Adı "Həsrətin ortaq məxrəci" idi. Fəqət hazırda satışda yoxdur. 


-Bəs necə yazılmışdı bu kitab?

-Kitab 13-14 yaşlarımda yazdığım şeirlərdən ibarətdir. Həmin dönəmdə necəsə təsirləndiyim şairlərin şeirlərinin bir növ imitasiyası kimiydi. Amma, o yaşda o imitasiyanı eləməyə belə özümdə motivasiya və cəsarət tapmağım, indi mənim üçün önəmlidir. Bunu özüm üçün nailiyyət kimi adlandıra bilərəm. 


-Əvvəllər başqa şairlərdən ilham alıram dediniz, bəs son dönəmlərdə yaradıcılığınıza təsir edən əsas ilham mənbələri hansılardır?

-Son dönəmlərdə yazdıqlarım daha çox özümlə bağlıdır, özümə aid bir üslub formalaşıb. Əvvəllər yazdıqlarımda daha çox klassik ədəbiyyatın böyük təsiri olurdu. Daha çox sərbəst şeir yazsam da, hər şeirimdə necəsə klassik ədəbiyyatın bir rəngi, tonu, notu olurdu. Məsələn, mənə görə, Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatına gəlmiş keçmiş ən möhtəşəm şairlərdən biridir. Onun ifadə elədikləri və ifadəetmə tərzi, çox mükəmməldi. Buna görə də ondan təsirlənməmək imkansızdı. Sərbəst şeir yazan biri olaraq, əlbəttə ki, ən çox təsirləndiyim şairlərdən biri də Mikayıl Müşfiq olub. Bununla yanaşı, İran ədəbiyyatından da təsirləndiyim şairlər olub. İzlədiyim filmlər, oxuduğum şairlər, yaşadıqlarım, müəyyən hadisələr, yaradıcılığıma böyük təsir göstərib. Bütün bunların ümumi məxrəci şeirlərimdə təzahür edib.


-Bunlar sizin poeziyanıza təsir göstərib, bəs poeziya sizin formalaşmağınıza, böyüməyinizə necə təsir göstərib?

-Açığı, elə də böyük təsirini görməmişəm. Poeziya özünü ifadə edə bildiyin boş müstəvidir. Orda özünü ifadə elədikdən sonra normal həyata qayıdanda, özünü daha rahat hiss edirsən. Amma mənə nəsə veribmi? Nəsr yazsaydım bəlkə də hə, hardasa, nəsə verə bilərdi. Poeziya sadəcə ruhun arınması, azad olması, öz yüklərindən türklərin və farsların deyişiylə "muaf olmaq" üçün bir ərazidir. Nəsr daha çox insana nəsə qata bilər, nəzm sadəcə insanın özündən xilas olmasına kömək edir.


-Şair olaraq, mənəvi dəyərləriniz və onların yaradıcılığınıza təsiri barədə fikirlərinizi bölüşə bilərsinizmi?

-Ümumiyyətlə, məncə, dəyərlərim yaradıcılığıma müəyyən qədər də olsa mütləq ki təsir göstərib. Şeirlərimdə bunu üstübağlı olaraq göstərməyin daha çox tərəfdarıyam. Düşünürəm ki, nəzm yazmaq üçün mütləq ki nəyəsə inanmalısan, bir enerjidən qaynaqlanmalısan, bunun səhv-düz olması subyektiv məsələdir. Hansısa şairin "Şair olmaq üçün yalandan da olsa tanrıya inanmalısan" deyə bir sözü var. Adını xatırlamıram. Bu fikirlə razıyam.. Düzdür, mən həqiqətən inanıram. İnancımın müəyyən təməli var. Ümumiyyətlə, mən düşünürəm ki, insanın nəyəsə inancı olmasa, (bu bir əşya belə ola bilər) o insan poeziyada hardasa mütləq ki axsayacaq. Bu zaman hər şey o insana çoxyüklü görsənəcək. Nə vaxtki nəyəsə inanıb öz yüklərini atıb rahatlayacaq, o zaman hava şarı kimi yüksəlməyə başlayacaq.


-İlk işlərinizdə dinləyicilərinizin bir çoxu sizin üslubunuzda Əli Xəyyam havası sezdiklərini deyirdilər, nə düşünürsüz bu haqda? 

-Bəzi şeirlərimdə imitasiya hiss oluna bilər, Əli Xəyyamın çox əvvəl şeirləri olan bloqu var idi və mənə o dövrdə necəsə təsir göstərmişdi, hə. Bir yerdən sonra, insan təsirinə düşdüyü şəxsdən də qopmalıdır ki, özünü tapa bilsin. Türk reperin sevdiyim bir sözü var, deyir: "Taklit ettim her ikonu ama başardım kendim olup". Hamını təqlid edə bilərsən, yaxşı sənətçi kopyalayır amma mükəmməl sənətçi özü olmağı bacarır.. Oğurlayan zaman da elə oğurlamalısan ki, heç kəs bilməməlidi. Düşünürəm ki, Əli Xəyyamla bənzərlik də sadəcə üslubdaydı, səsləndirmədəydi, mətndə yox. Nəzərə alanda ki, Azərbaycanda bunu tək edən o idi, tək nümunə o idi, başqa bir alternativ yoxuydu, buna görə də necəsə təsirlənmək olurdu. Özünü tapana qədər, nəyi necə etmək istədiyini bilənə qədər bu təsir də özünü göstərir. Fəqət, yenə də bu təsir yalnız səsləndirmədəydi, mətndə olduğunu düşünmürəm. Zamanla öz üzərində işləyə-işləyə, ordan artıq qopmalı olursan ki, özünü tapa biləsən. Nəzərinizə çatdırım ki, 2019, 2020, 2021-ci illərdə yayımlanan "Füyuzat", "Bərhəva" və "Sərsəri" kimi proyektlərin heç birində elə təsirlər yoxdu. Məncə, Azərbaycan dilinə hər hansı bir qarşılığı da yoxdur. Məsələn, "Füyuzat" istər mətn olaraq, istər instrumental olaraq, sıfırdan yaradılıb və sırf Füyuzat məktəbinin bir növ tərənnümü üçün nəzərdə tutulub.


-Hazırda üzərində işlədiyiniz yeni şeirlər və ya kitab varmı? 

-Hərbi xidmətə gedəcəyim üçün yoxdur. Gələndən sonrası üçün, bəlkə nələrsə ola bilər. 


-Yaşınıza görə çox böyük işlər görmüsüz..

-Çox sağ olun, elədir, ən birinci səsyazmam, 15 yaşımda olub. "Edamdan qabaq" proyekti var idi, repressiya dönəmi ilə bağlı yazılmış şeir idi, lakin onun mətnində də imitasiya hiss etdiyim üçün yayımdan qaldırdım. Amma, başlama nöqtəm o olub. Bu arada, məncə, ən yaxşı şeirlər elə 18-22 yaş aralığında yazılan şeirlərdir. Sonra bir müdriklik, yaşanmışlıq hopur insanın üzərinə, şeirin o saflığı qalmır. Bütün şairlərin, məncə, ən yaxşı şeirləri 18 yaşından maksimum 23 yaşına qədər yazdığı şeirləridir. Dönəm-dönəm bir çox işlər görməyə çalışmışam bu sahədə. Məsələn, "Düyün" filmi və kitabı var idi, onun haqqında bir mətn yazmışdım, instrumental olaraq, mətn olaraq hazırlandı, sadəcə bəzi nöqtələri ürəyimcə olmadı, mükəməlliyyətçi olaraq işləməyə başladım deyə, qaldı. "Füyuzat"dan sonra uzun müddət heç bir proyektin səsyazmasında iştirak etmədim. Bunun da səbəbi, yenə də, ürəyimcə olmayan hər hansı işə girməməyimiydi. Yazdığım, özümdə saxladığım proyektlər olub. Məsələn, "Uzaq yaşıl yarımada" adlı proyekt var idi, onu belə yayımlamadım, çünki fikirləşdim ki, çox daha yaxşı ola bilər..


-Əsgərlikdən qayıdandan sonra bu sahədə nələrsə planlayırsız?

-Yəqin ki, səsləndirməyə davam edəcəm, planımda bir albom var. Şeirlə vidalaşmaq üçün isə 25 yaşımı gözləyəcəm. 25 yaşımda son dəfə şeir kitabı çıxarmağı planlayıram, ondan sonra yazsam da yazdıqlarımı mətbuata, ictimaiyyətə çıxaracağıma inanmıram. Belə bir məsələ var ki, mən şeiri kitabda, vərəqin üstündə sevirəm. Amma Azərbaycanda hazırda reallıq budur ki, o şeir arxasında musiqi, səsləndirmə olmadan, sadəcə vərəqin üstündə dəyərlənmir. Məsələn, Vaqif Səmədoğlunun mahnıya çevrilməyən bir çox gözəl şeiri var amma xalq, mahnıların içindəki şeirləri ilə xatırlayır onu. Mən düşünürəm ki, bu da şeirin özünün ruhunu öldürür və şeir bu zaman tamam başqa bir şeyə çevrilir. 


-Sonuncu proyektiniz Luna haqqında nə demək istəyərdiniz?

-"Luna" mənim üçün çox önəmli proyekt idi, çünki ümumi olaraq bir proyektdir, mətni ilə, musiqisi ilə proyekt və buna görə də dəyərliydi. Məsələn,  onun kitabda olub-olmaması heç nəyi dəyişmir. Fəqət bundan əvvəlki proyektlər, məncə, altından xətt çəkə biləcəyimiz bir vərəqin üstündə, bir kitabın içində daha dəyərli olardı.


-Şəxsi həyatınız yaradıcılığınıza təsir edir?

-Əsasən, təsir edir, bəzən reallıq olaraq, bəzən isə təxəyyül olaraq. Həqiqətən mənə ağrı verən və ya məni xoşbəxt edən hisslərimi yazdığım dönəmlər də olur, bir filmdən, bir kitabdan təsirləndiyim zaman yaşadığım hissləri yazdığım dönəmlər də, yəni, əsasən, həyatım yaradıcılığıma təsir göstərir.


-Əsgərlikdən qayıtdıqdan sonra bir şeir gecəsi keçirməyi düşünürsüzmü?

-Mən daha çox səhnənin arxasında olmağı sevirəm, amma, bəlkə də, ola bilər.. 


-Şeirlərinizdə etik və əxlaqi məsələləri necə qabardırsız?

-O məsələlərdə, özümün onsuz müəyyən çərçivələri var və o çərçivələr mənim üçün önəmlidir. Amma düşünürəm ki, şeirdə, ədəbiyyatda didaktik olmağın dönəmi keçib artıq. Sən Dədə Qorqud kimi nəsihətlər, məsləhətlər versən, oxucuda sadəcə ikrah doğuracaqsan. Oxucu, yaşı qoyuram bir kənara, əvvəlcə düşünəcək ki, qarşımdakı insan mənlə eyni dönəmdə, eyni dünyada yaşayır, mənə nə vəd edə bilər ki? Bu yerdə də, didaktik olmaq artıq öz funksiyasını itirir. Sadəcə, müəyyən işarələr verməklə yönləndirmə etmək mümkündü, mən də düşünürəm ki, bir çox şeirlərimdə, xüsusən də, "Bərhəva"da bu işarələri vermişəm. 


-Bəs oxucularınıza xüsusi olaraq çatdırmaq, aşılamaq istədiyiniz bir dəyər varmı?

-Əlbəttə, var. Sadəcə bunu şeirlərimi oxuduqca anlaya bilərlər. Məsələn, mən düşünürəm ki, "Bərhəva" Azərbaycan ədəbiyyatının son 30 ildə şeir olaraq yazılmış ən yaxşı mətnidir. Çünki, arxa fonunda bir çox nöqtələr, nüanslar var. Həm söz oyunları olaraq çox dəyərlidi, həm də onun hər sətrində inandığım dəyərlərdən, inanclardan müəyyən işarələr, kodlar var. Gələcəkdə insanlar istəsə tapar, istəməzə tapmaz..


-İdeoloji baxımdan şeirlərinizdə nəyi xüsusilə vurğulayırsınız?

-İnancım var, şəxsi həyatıma da, yaradıcılığıma da, o çərçivələrin içərisində davam edirəm. Bu mənim üçün önəmlidir. Sətirlərimdə də illərin mütaliəsini, illərin yığılmışlığını ifadə edirəm və bu məni xoşbəxt edir. 


-Son olaraq, dinləyicilərinizə və ya oxucularınıza demək istədiyiniz nəsə var?

-Təşəkkür edirəm, minnətdaram. Mənim hardasa otaqda tək yazdığım bir şeyi, insanlar yolda, avtobusda öz qulaqlığında dinləyirsə, bu mənə çox xoş hiss elətdirir. Bir hadisə danışmaq istəyirəm, mən birinci kurs idim və Gənclik tərəfdəydim. "Ehram" proyektinin təzə çıxdığı vaxtlar idi, proyekti paylaşmışam, üstündən neçəsə həftə keçib və mən artıq birinci kursam, universitetə gedirəm. Gəlmişəm Gəncliyə, pulumu itirmişəm, üstümdə heç nə yoxdur, Gənclikdən Azadlığa piyada getməliyəm və maşında "Ehram"ı eşitdim. Mənə qəribə gəldi ki, səsim maşındadı, gedir, amma mən piyadayam.. Belə situasiyalar olub. Bir neçə dəfə, İtaliyadan, Amerikadan səsimi çəkib paylaşan insanlar olub. Həmin anda qəribə gəlir ki, sənin çatmadığın, getmədiyin yerlərə, səsin, sözün, mətnin gedib çatır..Məncə, elə bu, ədəbiyyatı zamansız, məkansız və dəyərli edən ən önəmli şeydi.


Gülay Qəribova

Paylaş
Şərh əlavə et