
Hamının bildiyi kimi, buzun səthi sürüşkəndir... Bəs bunun niyə belə olduğunu bilirikmi?
Con Coli adlı irlandiyalı fizik 1886-cı ildə buna cavab verdi. Coli buz səthində sürüşkənlik (aşağı sürtünmə) fenomenini belə izah etmişdir: Buz konkisi kimi bir cisim buz səthi ilə təmasda olduqda (skaterin çəkisi ilə birlikdə) onun toxunduğu yerdə təzyiq yaradır. Bu təzyiq o qədər yüksək olur ki, oradakı buz maye təbəqə yaradır və buz üzərində sürüşməyi asanlaşdırır.
İndiyə qədər yaxşı, elə deyilmi? İndi bunu eşidin: Siz hətta çox soyuq temperaturda (məsələn -30°C) buz üzərində konki sürə bilərsiniz. Beləliklə, skaterin çəkisi bu temperaturda buzu əritməyə kifayət etmədikdə (və buzda maye su yarada bilmədiyi zaman) konki sürmək necə mümkündür?
Görünür, sürüşkənliyin səbəbi təkcə təzyiqlə bağlı deyil... Bəli, buzun səthindəki maye su buz üzərində sürtünməni azaldır, lakin -30°C kimi çox soyuq temperaturlarda bu ərimə təzyiqlə bağlı deyil. Beləliklə, ərimə sürüşmə zamanı sürtünmə nəticəsində yaranan istilikdən qaynaqlana bilərmi? "Bəli" deyirsinizsə, bu, çox güman ki, buzun üzərində hərəkət etdiyinizə görədir və siz haqlısınız. Amma eyni zamanda buzun üstündə dayanaraq suala cavab verməyə çalışın...
Buz səthindəki su molekulları səthin altındakı su molekullarından daha hərəkətlidir, çünki onları yerində saxlayacaq üst təbəqə yoxdur. Başqa sözlə, buz səthində iki növ su molekulu var: maye suyun altındakı buz təbəqəsi ilə üç hidrogen bağı ilə tutulan su molekulları və yalnız iki hidrogen bağı ilə tutulan hərəkətli su molekulları. Bu hərəkət edən su molekulları kiçik təkərlər kimi davamlı olaraq buz üzərində hərəkət edir və enerjisini termal titrəyişlərdən alır. Başqa sözlə desək, buzun səthində nazik maye su qatının olmasından daha çox, buzun sürüşkənliyinə görə su molekullarının səthdəki hərəkətliliyinin cavabdeh olduğunu söyləyə bilərik.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
