
Afrikada bədənlərində rəng piqmentinin olmaması səbəbindən “ağ” doğulan albinoslar bölgədəki xurafatlara görə ciddi təhlükələrlə üzləşirlər. Albinos üzvlərinin bəxt və firavanlıq gətirəcəyinə inam cinayətləri də özü ilə gətirir.
Genetik xəstəlik olan albinos orqanizmdə melanin piqmentlərinin anadangəlmə olmaması ilə baş verir.
Qaradərili ana və atalardan doğulan albinizmli, ağ saçlı və açıq gözlü körpələr, demək olar ki, şəffaf bədənlə doğulur. Albinosların dərisi çox nazik və ağımtıldır, bədənlərindəki tüklər də ağdır. Gözləri işığa həssas olan albinoslarda tez-tez astiqmatizm olur. Əksər albinoslarda gözlərdə işığa həssaslıq səbəbindən göz titrəməsi də olur.
Tanzaniyada Albinosların orta hesabla ömrü 35 ildir:
Afrikadakı albinoslar üçün günəşdən qorunmaq çətindir. Günəşin yaratdığı yanıqlar xəstələrdə tez bir zamanda xərçəngə çevrilə bilər. Afrikanın bir çox ölkəsi günəşdən qoruyan kremlər istehsal etmir. İstehsalının olmadığı Tanzaniyada apteklərdə tapılan nadir günəşdən qoruyucu vasitələrin qiymətləri kifayət qədər bahadır. Günəşə qarşı heç bir tədbir görməyən albinosların orta ömrü Tanzaniyada təxminən 35 ilədək olur.
Ölüm riski ilə qarşı-qarşıyadırlar:
Afrika ölkələrində insanlar albinoslar üçün günəş işığı qədər böyük təhlükədir. Afrikanın ən kasıb ölkələrindən biri olan Tanzaniyada albinosların uğur gətirdiyi mövhumatlarına görə bədən üzvləri kəsilərək satılır. Albinosların məruz qaldığı digər zorakılıq isə zorlamadır. QİÇS-in yüksək olduğu Tanzaniyada albinosla cinsi əlaqənin QİÇS-i sağaltdığına inanılır. Bu səbəbdən adətən təcavüzə məruz qalan və öldürülən albinosların sayı kifayət qədər çoxdur.
Albinosların qorunması üçün tədbirlər çox azdır:
Tanzaniya hökumətinin albinosları qorumaq üçün gördüyü tədbirlər qeyri-adekvatdır. Albinoslar ümumiyyətlə ölkənin şimalındakı düşərgəyə bənzər yerlərdə qorunur. Albinosları insanlardan qoruyan bu düşərgələrdə gigiyena və yaşayış şəraiti kifayət qədər çətindir.
Bəziləri isə Albinosları öldürərək varlanacağını düşünür:
Gözdən əlil 6 albinos uşağın təhsil aldığı və sığındığı Tanzaniyanın paytaxtı Dar əs-Salamdakı Uhuru Mcpahqanyiko məktəbinin direktoru Anne Mşana onların albinoslarla heç bir fərqinin olmadığını bildirib.
Bu vəziyyətin genetik problemdən qaynaqlandığını bildirən Mşana albinosların üzləşdiyi problemləri belə izah edib: "Albinoslar gündəlik həyatda bir çox problemlərlə üzləşirlər. Onları kəsirlər, öldürürlər. Bəziləri albinosları öldürməklə varlanacaqlarını düşünür. Amma bu, tamamilə batil bir inancdır, mövhumatdır, amma deyə bilərəm ki, bu cinayətə qarışan bütün dinlərdən və inanclardan insanlar var. Albinosların barmaqlarını kəsmək, onlara sehr etmək heç vaxt seçkidə qalib gəlməyəcək namizədlər üçün çıxış yolu kimi görünür. Bu, sadəcə uydurmadır, albinosların barmaqlarını kəsmək heç kimi baş nazir və ya prezident etmir”.
Mənbə: NTV xəbərləri.
Tərcümə etdi: Günay Məmmədova.
