Bir çoxumuz üçün yuxu həyatımızın hiss olunmayan hissəsidir. Bəxtimiz gətirsə, gecə yuxuda gördüyümüzü səhər ötəri bir hiss olaraq xatırlayarıq. Bəzən yuxuda gördüklərimizi xatırlamağa çətinlik çəkirik. Bunu səbəbi nədir?
Bizim gördüyümüz yuxuları, adətən, REM yuxu fazasıyla (Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) əlaqələndirirlər. REM-i bəzən qeyri-sinxron yuxu fazası və ya paradoksal yuxu da adlandırırlar, çünki bu fazada beyin özünü sanki ayılmış kimi aparır.
Bu fazada gözlər sürətlə hərəkət edir, nəfəsin və ürək döyüntüsünün sürəti dəyişə bilir, bədən atoniya kimi tanınan iflicəbənzər hal alır. Gecə boyu bu vəziyyət 90 dəqiqəlik dalğalarla təkrarlana bilir və biz məhz bu aralıqlarda yuxu görürük.
REM fazasında beynin əsas hissələri əlavə qanla təmin olunur — ilk növbədə yuxularımıza məzmun verən korteks və bizim emosional vəziyyətimizi «həzm edən» limbik sistem. Nə qədər ki, biz bu fazadayıq, bu sahələrdə yüksək elktrik fəallığı müşahidə edilir, tənqidi qabiliyyətlərimizə cavabdeh olan alın bölgəsində isə sakitlik hökm sürür. Bu o deməkdir ki, həmin zaman kəsiyində — yəni yuxudan ayılana qədər biz bütün absurd şeyləri qəbul edirik. Yuxulardakı obrazları ayılandan sonra xatırlamağımızda əsas rol noradrenalinə məxsusdur — insan hansısa bir təhlükəylə, təhdidlə qarşılaşanda aktivləşən və ondan fəaliyyətə keçməyi tələb edən hormona. Yuxuda olanda noradrenalinin orqanizmdəki miqdarı oyaq vaxtdakından daha az olur.
Yuxuların konkret yuxu fazalarında yaranması təsadüfi deyil — bunun səbəbi gecələr orqanizmimizdə səyahət edən kimyəvi maddələrdir.
«Adətən, biz ən parlaq yuxuları REM fazasında görürük, beyində noradrenalinin səviyyəsi az olanda» — Françeska Siklari belə deyir. Ola bilsin ki, biz oyanma ərəfəsində də yuxu görürük, amma oyanan kimi gördüyümüz işlər onları yadda saxlamağa mane olur.
Çox vaxt biz yuxudan zəng səsinə oyanırıq və bu, beyində noradrenalinin kəskin artmasına səbəb olur — yuxuları xatırlamağımızı çətinləşdirən səbəb həm də budur.
Mənbə: BBCnews
Tərcümə etdi: Aytac Musayeva