
“Enerjini sərf etdiyin şeylər həyat standartlarını müəyyənləşdirir.”
İş dünyasında böyük uğurlara imza atmış şəxslərin enerjilərini qorumaq üçün uzaq durduqları 4 mənfi xüsusiyyətə nəzər salaq:
1. Kin saxlamaq
“Həyat uzun müddət kin saxlamaq üçün çox qısadır.” – İlon Mask
Mənfi düşüncələr insanın zehnini daha çox məşğul edir. Əgər zehniniz müntəzəm olaraq kin, nifrət, qərəz və qısqanclıq kimi mənfi duyğularla məşğul olarsa, enerjiniz getdikcə azalacaq və mühüm məsələlərə fikrinizi yönəldə bilməyəcəksiniz.
“Zəif insanlar intiqam alar. Güclü insanlar bağışlayar. Ağıllı insanlar görməzlikdən gələr.” – Albert Eynşteyn
2. Düşüncələrini məhdudlaşdırmaq
Riçard Branson və həyat yoldaşı təyyarə ilə Puerto-Rikoya səfər etməyi planlaşdırarkən səfər təxirə salınır. Yüzlərlə sərnişin vəziyyətdən şikayətlənərkən Riçard Bransonun ağlına bir fikir gəlir.
Branson eyni marşrut üzrə hərəkət edən başqa bir təyyarə axtarmağa başlayır. Mövcud təyyarədəki sərnişinləri daşıya biləcək həcmli bir təyyarə tapdıqdan sonra isə onu icarəyə götürür və sərnişinlərə 39 dollara bilet satır.
Böyük və yaradıcı düşünmək bir çox uğurlu insanın ortaq xüsusiyyətlərindən biridir. Buna da sərhədləri aradan qaldıraraq nail olmaq mümkündür.
3. Şikayət etmək və başqalarını günahlandırmaq
Uğurlu insanların həyatına baxdıqda onların şikayət etmək əvəzinə hadisələrə uyğunlaşmağa çalışdıqlarını, problemlə qarşılaşdıqları zaman nəticə yönümlü düşündüklərini görə bilərik. Bunun səbəbi isə şikayət etmək və günahı başqasının üstünə atmağın insana nə qısa, nə də uzun vədədə heç bir faydasının olmamasıdır.
4. Rahatlığa öyrəşmək
Aktiv həyat tərzi keçirmək və daim yeni təcrüblər qazanmaq üçün risk almaq bir çox uğurlu insanın sahib olduğu ortaq xüsusiyyətlərdəndir. Rahatlığa öyrəşdiklərini düşündükləri anda sahib olduqlarını itirmə riskinə girmək onlar üçün bir növ refleksə çevrilmişdir.
İlon Maskın “SpaceX” şirkətini qurması da məhz bu düşüncəyə əsaslanır. Mütəxəssis olmadığı sahələrə yatırım etmək və bu yolda külli miqdarda pul xərcləmək rahatlığa öyrəşmiş insanın deyil, xəyallarını reallaşdırmaq istəyən insanın atacağı addımdır.
Yeni mübarizələr və öyrəniləcək yeni şeylərin arxasından getmək uğurlu insanların rahat və yeknəsək bir həyatdan daha üstün tutduqları həyat tərzidir.
Mənbə: ntv.com
Tərcümə etdi: Aytac Musayeva
